Aİ Ermənistanda Rusiyanın təsirini azaltmağa çalışır - Ekspert

  • “Brüssel İrəvanla uzunmüddətli strateji əməkdaşlıq qurmağa çalışır”

Avropa İttifaqı Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Tərəfdaşlıq Missiyasının (EUPM Armenia) fəaliyyətə başladığını elan edib.

Aİ Şurasından verilən məlumatda bildirilib ki, bu ilin aprelində təsis edilən missiya Ermənistana bir sıra strateji və texniki istiqamətlərdə dəstək göstərəcək. Missiyanın əsas fəaliyyət sahələrinə kiber təhdidlərlə mübarizə, xarici informasiya müdaxiləsinin və manipulyasiyasının qarşısının alınması, eləcə də qeyri-qanuni maliyyə axınları ilə mübarizə daxildir. Bundan əlavə, qurum dövlət institutlarının potensialının artırılmasına və idarələrarası koordinasiyanın təkmilləşdirilməsinə töhfə verəcək.

"EUPM Armeni" beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində praktiki tövsiyələr verəcək və məqsədyönlü tədbirlərin icrası üçün xüsusi layihə qrupu yaradacaq. Bununla yanaşı, missiya icraedici səlahiyyətlərə malik deyil və Ermənistanın daxili qərarlarının qəbulu prosesində iştirak etməyəcək.

Ermənistan hökumətinin müraciəti əsasında yaradılan missiya, Aİ-nin ölkənin milli təhlükəsizliyinin və demokratik institutlarının gücləndirilməsinə dair uzunmüddətli yanaşmasının bir hissəsidir. İlkin mandatı iki il üçün nəzərdə tutulan missiyaya Aİ-yə üzv dövlətlərdən ezam olunmuş ekspertlər daxildir.

Mövzunu şərh edən siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a bildirib ki, Avropa İttifaqının Ermənistanda iki illik mandat əsasında fəaliyyət göstərən missiyasının əsas məqsədlərindən biri regionda sabitliyin və təhlükəsizliyin qorunmasına töhfə vermək, mümkün təxribatların və hibrid təhdidlərin qarşısının alınmasına dəstək göstərməkdir:

Bu fəaliyyət, eyni zamanda, Avropa İttifaqı ilə Rusiya arasında davam edən geosiyasi rəqabətin tərkib hissəsi kimi də qiymətləndirilir. Rusiya, Ermənistanın təhlükəsizliyinə qarşı yarana biləcək təxribatların qarşısını almaq istiqamətində müəyyən addımlar ata bilər. Bununla yanaşı, burada əsas amillərdən biri Avropa İttifaqı ilə Rusiya arasında davam edən geosiyasi rəqabətdir. Eyni zamanda, Ermənistan son illərdə xarici siyasətində Avropa İttifaqı və Qərb ölkələri ilə münasibətləri daha da dərinləşdirməyə çalışır.

Bu baxımdan, Ermənistan balanslaşdırılmış xarici siyasət yürütməyə cəhd edir. Regionda Rusiya, Qərb və Çin kimi böyük güclər arasında geosiyasi rəqabət davam etdiyi üçün Ermənistanın Avrointeqrasiya istiqamətində atdığı addımlar xüsusi əhəmiyyət daşıyır”.

Siyasi ekspert hesab edir ki, Ermənistan ilə Avropa İttifaqı arasında əməkdaşlıq gələcəkdə daha da inkişaf edəcək: “Avropa İttifaqı Rusiyanın Ermənistana iqtisadi və siyasi təzyiq imkanlarını azaltmaq məqsədilə müxtəlif dəstək mexanizmləri formalaşdırmağa çalışır. Məsələn, ticarət, iqtisadi əməkdaşlıq və ərzaq təhlükəsizliyi sahələrində yeni razılaşmaların əldə olunması bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Ümumilikdə, Avropa İttifaqı Ermənistanla uzunmüddətli strateji əməkdaşlıq qurmağa çalışır. Bu siyasətin məqsədi Cənubi Qafqaz ölkələrinin dayanıqlığını artırmaq, Rusiyanın regiondakı təsirini azaltmaq və onları Avropa ilə daha sıx siyasi və iqtisadi inteqrasiyaya təşviq etməkdir”.