Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi; Bu olduğu halda sahibkar risk görmür və istənilən biznes sahəsinə əl atır Sahibkar ilk növbədə öz hüququnu bilməli, haqqını tələb etməli, məhkəməyə üz tutmalıdır Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımların tərkib hissəsi kimi məhkəmə-hüquq sistemində aparılan islahatlar sahibkarlığın inkişafı baxımından kifayət qədər önəmlidir. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib. Ən mütərəqqi islahatlarla məhkəmə sistemi formalaşdırılıb, məhkəmənin müstəqilliyi təmin edilib. Özəlləşdirmənin həyata keçirildiyi, mülkiyyət hüququnun tanınması istiqamətində çoxsaylı problemlərin mövcud olduğu bir zamanda bu institusional islahatların həyata keçirilməsi özəl sektorun yaranması və inkişafı üçün mühüm addım idi. İyulun 14-də Ali Məhkəmə tərəfindən keçirilən “Femida Dialoq Platforması” çərçivəsində sahibkarlarla görüşdə də bu məsələlər diqqətə gətirilib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev tədbirdə çıxış edərkən diqqətə çatdırıb ki, 2019-cu ildə dövlətimizin başçısı İlham Əliyevin imzaladığı “Məhkəmə hüquq islahatlarının dərinləşdirilməsi” ilə bağlı Fərman məhkəmə sistemində aparılan islahatların keyfiyyətcə yeni bir mərhələyə keçməsinin əsasını qoyub. Bu Fərmanla Azərbaycan Sahibkarlar Konfederasiyasına iki məsələ ilə bağlı tapşırıqlar verilib: "Bunlardan biri Arbitraj, digəri isə kommersiya işlərinə baxılmasının keyfiyyətinin artırılması ilə bağlı idi. Konfederasiya hər iki məsələ ilə bağlı öz təkliflərini hazırlayaraq təqdim etdi. Beləliklə, əvvəllər inzibati və iqtisad məhkəmələri birlikdə idi, sonra onlar bölündü, mübahisələrin alternativ həlli üçün Mediasiya institutu yaradıldı, “Mülki-prosessual məcəllə”yə müvafiq dəyişikliklər edildi. Məhkəmələrin elektronlaşdırılması həyata keçirildi və məhkəmə hüquq sistemində işlərə baxılması qaydaları sadələşdirilməklə bərabər, operativləşməsi də təmin edildi".

M.Musayev qeyd edib ki, “Femida Dialoq Platforması” çərçivəsində növbəti dialoqun sahibkarlarla keçirilməsi məhkəmə-hüquq sisteminin sahibkarlara və özəl biznesə olan müsbət münasibətinin göstəricisidir: "Bu, dövlət-özəl dialoqunun ayrılmaz hissəsidir. Ümid edirik ki, dialoqun nəticəsi olaraq sahibkarların məhkəmə sistemində qarşılaşdıqları çətinliklərin həlli ilə bağlı çevik qərarlar qəbul ediləcək. Sahibkarlardan isə xahiş edirik ki, sahibkarlıq və məhkəmə-hüquq sisteminin gələcək əməkdaşlığı ilə bağlı daha konkret və əhatəli mövzular üzrə sistemli məsələləri qaldırsınlar. Sizləri maraqlandıran özəl və ya spesifik suallar olarsa, bu barədə müraciətləri Azərbaycan Sahibkarlar Konfederasiyasına təqdim edə bilərsiniz və biz gələcək mütəmadi əməkdaşlıq çərçivəsində bu məsələləri Ali Məhkəmə ilə birlikdə araşdıracağıq”.

Ali Məhkəmənin sədri İnam Kərimov da bildirib ki, sahibkarları narahat edən çətinliklər hələ də mövcuddur: "Hazırda inzibati məhkəmələr müstəsna olaraq inzibati mübahisələrə, kommersiya məhkəmələri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya mübahisələrə baxırlar". Onun sözlərinə görə, bu dəyişikliklə ixtisaslaşmanın artırılmasına şərait yaradıldı, məhkəmə quruluşu optimallaşdırıldı və məhkəmələrdə iş yükünün daha balanslaşdırılmış bölgüsü təmin edildi: "Yeni kommersiya məhkəmələrinin fəaliyyətə başlaması sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrin həllində hüquqi müəyyənliyin təmin edilməsi, sahibkarların hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılmış mühüm addım oldu. Bu, eləcə də sahibkarlığın inkişafına sistemli və ardıcıl dövlət dəstəyinin daha bir nümunəsidir. Ali Məhkəmə məhkəmə islahatlarının mərkəzində yer alır. Son islahatlar çərçivəsində Ali Məhkəmə tərəfindən digər orqanlarla birgə təhlillər apararaq qabaqcıl beynəlxalq təcrübə öyrənilib". İnam Kərimov diqqətə çatdırıb ki, ölkəmizdə məhkəmə sistemində davamlı islahatlar aparılır, ancaq sahibkarları narahat edən, dövrümüzün tələblərinə uyğun olaraq gündəlik təcrübədə rastlaşdıqları çətinliklər hələ də mövcuddur: "Ali Məhkəmə olaraq biz hər zaman dialoqa və üzərimizə düşənləri etməyə hazırıq. O məsələlər ki, dövlətə və məhkəmə hakimiyyətinə aiddir və fundamental əhəmiyyət daşıyır. Qanunvericiliyə edilən son dəyişikliklərlə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırmaq vəzifəsi təsbit edilib. Vahid məhkəmə təcrübəsi ölkənin hüquq sistemi üçün, eləcə də sahibkarlar üçün böyük əhəmiyyətə malikdir".
Məhkəmə sədri vurğulayıb ki, düşünülmüş siyasət nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradılıb: "Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşıb, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artıb və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunub. Bu siyasət sonrakı illərdə ölkə başçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Məhz ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində iqtisadiyyatın inkişafı üzrə uzunmüddətli strategiya və dövlət proqramları qəbul olunub". Ali Məhkəmənin sədri bəyan edib ki, dayanıqlı iqtisadi sistemin formalaşmasında və dinamik inkişaf əldə etməsində mühüm rola malik olan sahibkarlıq fəaliyyəti təkcə iqtisadi tərəqqiyə təkan verən faktor kimi çıxış etmir: "Bazar iqtisadiyyatında dayanıqlı inkişaf üçün davamlı investisiya yatırımları tələb olunur. Sahibkarlar isə siyasi stabil və sərmayələrinin yüksək səviyyədə qorunduğu ölkələrə yatırımlar edirlər. İnvestisiyanın qorunmasında isə ölkədə müstəqil və ədalətli məhkəmə sistemi tələb olunur".

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva diqqətə çatdırıb ki, sahibkarların hüquqlarının bərpası Ombudsmanın fəaliyyətində prioritetlərdəndir. Onun sözlərinə görə, sahibkarların hüquqlarının məhkəmə müdafiəsinin effektivliyinin artırılması məqsədilə kommersiya məhkəmələrinin yaradılması, kassasiya və apellyasiya instansiyalarında aidiyyəti kollegiyaların təşkili bunun bariz nümunəsidir: "Yüksək hüquqi statusu konstitusiya ilə müəyyən edilən Azərbaycanın Ali Məhkəməsi öz növbəsində bu sahədə kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirməklə yanaşı, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına, qanunvericiliyin təkmilləşdirilməsinə, bununla da insan hüquq və azadlıqlarının səmərəli təmininə əvəzsiz töhfələrini verir. İstər azad sahibkarlıq hüququnun təmini və sahibkarların pozulmuş hüquqlarının bərpası məsələləri, istərsə də sahibkarlıq fəaliyyəti zamanı insan hüquq və azadlıqlarının müdafiəsi problemləri Ombudsmanın fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir”.

İqtisadçı Fuad İbrahimov "Sherg.az"a açıqlamasında bildirib ki, sahibkarlıq fəaliyyətinin şaxələnməsində, daxili və xarici investisiyaların qorunmasında, biznes mühitinin genişlənməsində qanunvericilik bazasının xüsusi önəmi var. Ekspert deyib ki, Azərbaycanda da təbii olaraq sahibkarlıqla bağlı müvafiq qanunlara var və biz onları inkişaf etmiş ölkələrin bazalarından öz dəyərlərimizə uyğun mentallaşdıraraq milli qanunvericilik bazası yaratmışıq: "Bunun bünövrə hissəsi məhkəmə sisteminin şəffaflığıdır. Bu olduğu halda sahibkar heç bir halda risk görmür və istənilən biznes sahəsinə əl atır. Yəni sahibkar bilir ki, biznes sahəsində hansısa qanunsuzluq, hərc-mərcliklə üzləşsə, vəsaitin mənimsənilməsi kimi faktlarla üz-üzə qalsa, məhkəmə sistemi onun yanında olacaq və problemini həll edəcək. Qanunların işləməsi sahibkarlara güvən verir. Necə ki, cəmiyyət olaraq öz təhlükəsizliyimizi, həyatımızın sabitliyini tələb edirik, biznes mühiti də qanunçuluğu, stabilliyi sevir. Bu da məhkəmələrin məsuliyyətli və ədalətli işləməsi ilə mümkündür".
F.İbrahimov vurğulayıb ki, sahibkarların da hüquqi cəhətdən maariflənməsi çox mühüm faktordur: "Yaxşı olar ki, sahibkarların işə götürdükləri personal arasında hüquqşünas olsun, yaxud vəkillə müqavilə bağlasın. Qərb ölkələrində ailələrin şəxsi vəkilləri olur. Yəni məsələnin bir tərəfi məhkəmə sistemidirsə, digər yanı sahibkarlardır. Heç bir iş adamı arxayın olmamalıdır ki, istədiyi işlə məşğul olacaq, sabah məhkəmə onun hüquqlarını qoruyacaq. Sahibkar ilk növbədə öz hüququnu bilməli, haqqını tələb etməli, məhkəməyə üz tutmalıdır. Əfsuslar olsun ki, bəzi hallarda iş adamları öz haqlarını başqa üsullarla, qanundan kənar yollarla axtarırlar. Əgər sahibkar müqaviləsinin pozulduğunu, investisiyalarına qarşı normativ qaydalardan kənar təşəbbüsləri müəyyən edirsə, bununla bağlı dərhal məhkəməyə müraciət etməlidir. Düzdür, bu, əlavə xərcdir, amma şəffaflıq və biznesin inkişafı üçün mütləqdir. Sağlam və qanuni mühit formalaşarsa, Azərbaycana investisiya yatıranlar da çoxalar".