İran ABŞ-nin Küveytdə yerləşən hərbi obyektlərinə qarşı əməliyyat həyata keçirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.
Məlumata görə, İran ordusu ABŞ-yə məxsus hərbi rabitə sistemlərini, yanacaq anbarlarını, “Patriot” hava hücumundan müdafiə sistemlərini, dispetçer qülləsini və sursat anbarını pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Telekanalın iddiasına əsasən, İran Hərbi Dəniz Qüvvələri eyni zamanda ABŞ-yə məxsus hərbi gəmiyə qanadlı raketlərlə zərbə endirib.
Bildirilib ki, bu əməliyyat ABŞ-nin İranın bir sıra hərbi obyektlərinə raket zərbələri endirməsinə cavab olaraq həyata keçirilib.
Hələlik ABŞ və Küveyt rəsmiləri bu məlumatlarla bağlı rəsmi açıqlama verməyiblər. Məlumat müstəqil mənbələr tərəfindən də təsdiqlənməyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iyulun 14-nə keçən gecə İrana qarşı güclü zərbələr endiriləcəyini açıqlamışdı. O, həmçinin İran hakimiyyətinin bəzi nümayəndələrinin hədəfə alınmasının mümkünlüyünü istisna etməmişdi.