- "Biz bu inam və məsuliyyətlə hərəkət etdikdə heç bir təxribat öz məqsədinə çata bilməyəcək"
- "Dezinformasiyalara və təxribatlara qarşı hamımız Türk dünyasının bir əsgəri, bir təmsilçisi kimi ayıq-sayıq olmalıyıq"
- Türk dünyası üçün yeni hədəf - şəxsiyyət vəsiqələri ilə sərhədləri keçmək mümkün olacaq
“Zaman-zaman coğrafi mərkəzlər dəyişsə də, könül coğrafiyamızın birləşdiyi coğrafi və mədəni məkan bizim üçün uzaq hədəf olmaqla yanaşı, həm də bir məfkurədir. Turan adlandırdığımız bu idealın gerçəkləşməsinə aparan yol isə, ilk növbədə, Türkiyə-Azərbaycan qardaşlığına, dostluğuna və əməkdaşlığına söykənir”.
Sherg.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri, Ankara millət vəkili, professor Kürşad Zorlu Türkiyədə keçirilən "Türk dünyasının gənclərinin görüşü" tədbirində söyləyib:
"Bu münasibətlər bugünkü səviyyəyə asanlıqla gəlib çatmayıb. Bu prosesi çox yaxından yaşamış bir qardaşınız kimi deyirəm: Çətinliklər dəf edildi, böyük sınaqlardan keçildi, bədəllər ödənildi. Lakin son dövrdə, xüsusilə də iki qardaş ölkəmizin münasibətlərini sarsıtmağa yönəlmiş bir sıra məqsədli paylaşımların və təşəbbüslərin olduğunu təəssüflə izləyirik.
Mən bunu açıq ürəklə deyə bilərəm: Biz bir-birimizi tənqid edə, çatışmazlıqlarımızı dilə gətirə bilərik. Dövlətimizin qurumları da bunu ən yüksək səviyyədə bir-birlərinə bildirirlər və bildirməkdədirlər. Ancaq “Bir millət, iki dövlət” şüarımız və bizi bir araya gətirən bu böyük məfkurə hər şeydən üstündür.
İnanıram ki, biz bu inam və məsuliyyətlə hərəkət etdikdə heç bir təxribat öz məqsədinə çata bilməyəcək, dəyərli dostlar. Onu da deyim ki, hazırda prezidentlərimiz ən yüksək səviyyədə əlaqə saxlayırlar.
Müvafiq nazirliklərimiz və qurumlarımız, inşallah, oktyabrın 29-30-da Ankarada keçirəcəyimiz Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Zirvəsində mühüm məsələləri müzakirə edəcəklər. Cənab Prezident İlham Əliyev də orada olacaq və digər dövlət başçılarımızla birlikdə çox mühüm qərarlara imza atacağıq. Burada yalnız bir məsələni qeyd edim: Hazırda, bildiyiniz kimi, pasportlarımızla səyahət edirik. Görəsən, bundan sonra şəxsiyyət vəsiqələrimizlə, ID kartlarımızla da səyahət edə bilərikmi? Bunun üçün lazımi zəmini hazırlamağa, işləri yetişdirməyə çalışırıq. Addım-addım daha yüksək səviyyəli əməkdaşlığa doğru birlikdə irəliləyəcəyik".
Kürşad Zorlu Zəngəzur dəhlizi məsələsinə də vurğu edib:
"Ötən gün Qazaxıstanın dəyərli Prezidenti cənab Tokayevin Orta Dəhlizlə bağlı verdiyi açıqlama, həqiqətən də, qarşımızda yeni üfüqlər açdı.
Bu məsələ ilə bağlı mövqeyimizi də bildirim. Cənab Tokayev bizim Zəngəzur dəhlizi adlandırdığımız və açılması üçün böyük səylər göstərdiyimiz Naxçıvanla Azərbaycan arasındakı həmin dəhlizin, 44 kilometrlik xəttin dəmir yolu və nəqliyyat şəbəkələri vasitəsilə Orta Dəhlizə birləşdirilməsi üçün zəruri işlərin görülməsini təklif etdi.
Bu təklif Xəzər sahilində yerləşən strateji tərəfdaşımız olan bir dövlətdən gəlir.
Biz də indi Anadoludan Xəzər sahilində yerləşən digər bir dövlətlə birlikdə, inşallah, bu böyük nəqliyyat və ticarət dəhlizlərinin bir-birinə inteqrasiyası üçün çalışırıq. Buna görə də heç kimin bu prosesi dayandırmasına imkan verməyəcəyik.
Biz bir olduğumuzda, birlikdə hərəkət etdiyimizdə və hədəfimizə kökləndiyimizdə qarşıdakı əsri birlikdə Türk dünyasının əsrinə çevirəcəyimizə ürəkdən inanıram".
Millət vəkili qeyd edib ki, şübhəsiz yenə də iki qardaş ölkənin arasını vurmaq üçün təxribatlar edəcəklər:
"Bu səbəbdən dezinformasiyalara və təxribatlara qarşı hamımız Türk dünyasının bir əsgəri, bir təmsilçisi kimi ayıq-sayıq olmalıyıq. Bunu zaman-zaman başqa platformalarda da sınaya bilirlər.
Biz bunlara qarşı diqqətli olduğumuz zaman, əlbəttə ki, risklərin qarşısını ala biləcəyik.
Rəqəmsal mühitdə fəaliyyət göstərən gənc qardaşlarım bu məsələləri təsdiqləyirlər. İnanıram ki, ölkələrinə qayıtdıqda burada gördüklərini, buradakı yanaşma tərzini ən yaxşı şəkildə öz ölkələrində də əks etdirəcəklər".