- Vadim Truxan: "Sammitdən sülh yox, silah dəstəyi çıxdı"
NATO sammitləri beynəlxalq təhlükəsizlik gündəliyinin əsas müzakirə platformalarından biri olaraq regiondakı hərbi-siyasi proseslərə təsir edən mühüm qərarların qəbul edildiyi toplantılardır. Bu baxımdan Ankarada keçirilən sammit də qlobal təhlükəsizlik çağırışları, əməkdaşlıq və xüsusilə Ukraynadakı müharibənin yaratdığı vəziyyət fonunda diqqət mərkəzindədir.
Sammitin keçirilməsi ilə Rusiya-Ukrayna məsələsində diplomatik təmaslar, müharibənin başa çatması və mümkün danışıqlar əsas mövzulardan biri kimi önə çıxır.
Ukraynalı diplomat, “Ukraynanın Avropa hərəkatı" İctimai təşkilatının idarə heyətinin sədri, 2008-2010 illərdə Avropa və avro-atlantika inteqrasiya Koordinasiya bürosunun direktoru Vadim Truxan Sherg.az-a sammitin müharibələri bitirməyəcəyini bildirib:
"Sammit Rusiya-Ukrayna müharibəsini, İran müharibəsini və ya hər hansı başqa müharibəni həll edə bilməz. O, tamamilə başqa məqsədlər üçün təşkil olunub.
Amma vacib olan odur ki, indi Volodimir Zelenski ilə Donald Trump arasında görüş başlayacaq. Həmin görüşdə danışıqlar prosesinin bundan sonra necə irəlilədiləcəyi müzakirə olunacaq.
Zelenski bu sammitə Ankaraya tərəfdaşlardan, o cümlədən ABŞ-dan praktiki dəstək almaq üçün gedib. Bizi maraqlandıran məsələ Patriot PAC-3 raket-tutucularıdır. Çünki hazırda ballistik raketləri vurmaq üçün vasitə yoxdur".
Diplomat geniş çeşiddə silah və avadanlıqları əhatə edən konkret yardım paketlərinin də müzakirə olunduğunu qeyd edib:
"Artıq məlumdur ki, sammit çərçivəsində Ukrayna ilə Niderland, Danimarka və Estoniya arasında üç PUA üzrə əməkdaşlıq sazişi imzalanıb. Buna görə də artıq praktiki nəticələr mövcuddur.
Bundan əlavə, Kanada hava hücumundan müdafiəni də əhatə edən təxminən 900 milyon ABŞ dolları məbləğində böyük yardım paketi ayırdığını elan edib.
Beləliklə, burada söhbət müharibənin başa çatmasından deyil, Ukraynanın, onun dinc şəhərlərinin müdafiəsindən və Ukraynaya Rusiya ordusunun belini qırmağa kömək etməkdən gedir".