Ermənistanın baş naziri Nikol Pashinyan bildirib ki, İrəvan ölkənin dəmir yollarının idarə olunması ilə bağlı Rusiya tərəfi ilə əldə edilmiş razılaşmaları birtərəfli qaydada yenidən nəzərdən keçirməyi planlaşdırmır.
Sherg.az xəbər verir ki, Paşinyan hökumətdə keçirdiyi brifinqdə deyib ki, Ermənistan əvvəllər açıqladığı planlardan da imtina etməyəcək və Gümrü-Axurik, eləcə də Yerask istiqamətində dəmir yolu xətlərinin bərpası üzrə işlər həyata keçiriləcək.
Baş nazirin sözlərinə görə, digər dəmir yolu sahələri ilə bağlı Rusiya tərəfi ilə müzakirələr davam edir. O vurğulayıb ki, Ermənistan ərazisindən keçən beynəlxalq nəqliyyat marşrutları ölkəyə fayda verməlidir.
Paşinyan qeyd edib ki, dəmir yolu Ermənistanın mülkiyyətidir və ölkənin maraqlarına xidmət etməlidir.
Xatırladaq ki, Ermənistan hökuməti Türkiyə və Azərbaycan sərhədlərinə çıxışı təmin edə biləcək bəzi dəmir yolu hissələrinin bərpasını gündəmə gətirib. Daha əvvəl Paşinyan dəmir yolunun idarə olunması ilə bağlı Rusiya konsessiyasının yenidən nəzərdən keçirilməsini təklif etmiş, bu hüququn gələcəkdə Qazaxıstan, BƏƏ və ya Qətər kimi ölkələrin şirkətlərinə verilə biləcəyini bildirmişdi. Bununla belə, o, hazırda Rusiya ilə mövcud müqavilənin birtərəfli qaydada ləğv edilməyəcəyini vurğulayıb.