Paraqvayın keçmiş prezidenti toxunulmazlıqdan məhrum edilib, ev dustaqlığına alınıb

Paraqvayın keçmiş prezidenti Santyaqo Penya parlamentin impiçment qərarından sonra ev dustaqlığına alınıb. O, şənbə günü istintaqa ifadə verməlidir.

Sherg.az xəbər verir ki, “Última Hora” qəzetinin məlumatına görə, Penya “Ueno Bank”ın müflisləşməsi ətrafında yaranan qalmaqalla əlaqədar etimaddan sui-istifadə və nüfuz alverində ittiham olunur.

Bundan əvvəl Penya “sabitliyin bərpası naminə” səlahiyyətlərindən istefa verdiyini açıqlasa da, parlament onun barəsində impiçment qərarı qəbul edib. Vitse-prezident Pedro Aliana isə and içərək dövlət başçısı vəzifəsinin icrasına başlayıb.

Müxalifət keçmiş prezidentə qarşı qanunsuz varlanma, nüfuzdan sui-istifadə və vəsaitlərin təyinatı üzrə xərclənməməsi ittihamları ilə cinayət işi açılması barədə müraciət edib. Qeyd edək ki, Penya ötən ilədək “Ueno Bank”ın daxil olduğu biznes qrupunun səhmdarlarından biri olub.

Paraqvay Mərkəzi Bankı noyabrın 3-də ödəmə qabiliyyətinin tələb olunan minimum səviyyənin 50 faizindən aşağı düşdüyünü müəyyən etdikdən sonra “Ueno Bank”la bağlı tənzimləmə proseduruna başlayıb. Nəticədə ölkə əhalisinin təxminən yarısına məxsus milyonlarla bank hesabı bloklanıb. Əmanətçilər pullarının qaytarılması və məsul şəxslərin cəzalandırılması tələbi ilə etiraz aksiyaları keçiriblər.