Putin Bakıdan razıdır, İrandan yox - ŞƏRH

  • Şimal-Cənubda Bakı ilə bağlı problem yoxdur, əsas düyün Tehrandır

“Rusiya Prezidenti Vladimir Putinin “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışının ekspertlər arasında müzakirəsi davam edir”.

Sherg.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin fikrincə, bu çıxışdan çıxan ilk nəticə odur ki, Putin Ukraynaya qarşı müharibəni davam etdirəcək:

“Rusiya lideri buna baxmayaraq, müharibənin ölkəsi üçün mənfi nəticələrinin olduğunu da dilə gətirib. Ancaq onun sözlərinə görə, guya Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamaqdan başqa alternativi olmayıb.

Vladimir Putin çıxışı zamanı Rusiyanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə əhəmiyyət verdiyini də bildirib. Marşrutun bir hissəsinin Azərbaycan ərazisindən keçdiyini xatırladan Kreml sahibi ölkəmizlə bağlı heç bir problemin olmadığını, Prezident İlham Əliyevlə bu məsələ ilə bağlı əlaqə saxladığını vurğulayıb.

Putin layihənin ləngiməsinin İranla bağlı olduğunu işarə edib: “Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması təkcə bizdən asılı deyil. Biz kredit resurslarını təmin etməyə hazırıq. Ancaq hazırda iranlı dostlarımız işin özlərinə düşən hissəsini tamamlamalıdır”.

Yəni Putin demək istəyib ki, Tehran üzərinə düşəni etməyib. İlham Əliyev də daha əvvəl bildirmişdi ki, Şimal-Cənub dəhlizində çatışmayan əsas dəmir yolu hissəsi İran ərazisindədir. Ümumilikdə təxminən 7,2 min kilometrlik Şimal-Cənub marşrutu Rusiya, Azərbaycan və İran üzərindən Hindistan istiqamətinə yükdaşımaları sürətləndirmək və Süveyş kanalından keçən ənənəvi dəniz marşrutuna alternativ yaratmaq məqsədi daşıyır”.

Elxan Şahinoğlu qeyd edib ki, Avropanın sanksiyaları ilə üzləşən Rusiyanın Şimal-Cənub dəhlizinə ehtiyacı var:

“Rusiya Hind okeanına alternativ yolları araşdırır. Rusiya bu dəhliz üzərindən müxtəlif ölkələrə, o cümlədən Hindistana çıxış imkanı qazanmaq istəyir. Ancaq nə qədər ABŞ-İran gərginliyi davam edir və müharibənin yenidən başlaması ehtimalı yüksəkdir, dəhlizin işə düşməsi problematikdir. Hindistan da dəhlizin reallaşmasını istəyir. Ancaq Dehli bunun üçün İran ətrafında gərginliyin aradan qaldırılmasında və Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında maraqlıdır. Bunun məhz belə olduğunu Vladimir Putin də son çıxışında bildirib. Putinin sözlərinə görə, Hindistan Baş naziri Narendra Modi onunla görüşündə Ukrayna mövzusunu daima gündəmə gətirir.

Modi Putinlə son görüşündə açıq deyib ki, müharibəni dayandırmaq lazımdır, qarşıdurmanın davamının heç bir ölkəyə faydası yoxdur. Rusiya lideri Modi ilə son görüşündə Hindistan Baş nazirinin müharibə ilə bağlı söylədiklərindən narazı qaldığını büruzə verməməyə çalışsa da, “Valday”dakı çıxışında onun münaqişə tərəfləri üçün məqbul həll yolları axtarmaq səylərini yüksək qiymətləndirib”.