Türkiyə Azərbaycanı, Azərbaycan da Türkiyəni gücləndirir - YENİ GÜC MESAJI

  • Çinin diqqətini çəkən həm də Türkiyə - Azərbaycan İttifaqıdır

Azərbaycanın xüsusilə Türk dünyası, Yaxın Şərq və İslam ölkələri ilə əlaqələri genişlənməkdə davam edir. ŞƏT Zirvəsindən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş də bu baxımdan diqqət çəkib. Azərbaycan-Türkiyə münasibətlərinin son illərdə müxtəlif istiqamətlər üzrə inkişaf etdiyi bir vaxtda baş tutan görüş iki ölkə arasında əməkdaşlığın regional və beynəlxalq müstəvidə əhəmiyyətini bir daha gündəmə gətirib.

Beynəlxalq siyasət üzrə ekspert Dr.Hüsamettin İnaç Sherg.az-a Türkiyə-Azərbaycan münasibətlərindən, həmçinin Azərbaycanın dünyada tutduğu mövqedən danışıb:

"Xüsusilə 2020-ci il Qarabağ Zəfərindən sonra Şuşa Bəyannaməsinin imzalanması ilə birlikdə Türkiyə-Azərbaycan münasibətləri heç bir iki dövlətin çata bilməyəcəyi qədər böyük bir ittifaq, dostluq və qarşılıqlı əməkdaşlıq nümunəsi ortaya qoydu. Bu kontekstdə xüsusilə Azərbaycan son dövrlərdə Yaxın Şərq və Şimali Afrika ilə, xüsusilə də marağını daha da artıran bir ölkə halına gəldi.

Məsələn, bu gün gəldiyimiz nöqtədə Suriyanın təbii qazını və neftini təmin edən ən mühüm ölkələrdən biri Azərbaycan oldu. İraqın İnkişaf Yolu Layihəsində də Azərbaycanın Türkiyə ilə birlikdə çalışacağını bilirik. Çox yaxın zamanda Azərbaycanın Məkkə Müdafiə İttifaqının da bir hissəsi olması gözlənilir".

Analitik qüyd edib ki, İslam ölkələri ilə Azərbaycanın son illərdə münasibətləri çox ciddi şəkildə inkişaf edib: 

"Bundan əvvəlki dövrdə, İranla münasibətlər o qədər də yaxşı deyildi. Yəni İran Azərbaycanı sionist lobbinin təsiri altında olan dövlət kimi tanıdaraq İslam ölkələrindən uzaqlaşdırmağa çalışırdı. Amma 2020-ci il müharibəsindən sonra ciddi bir dəyişiklik və inkişafın yaşandığını görürük. Bu qazancları qorumaq lazımdır.

Xüsusilə Azərbaycanın Türkiyə ilə qurduğu münasibətlər Yaxın Şərq coğrafiyasında ciddi bir inkişafa da yol açacaq. Bu, eyni zamanda Azərbaycanın Cənubi Qafqazdakı varlığını da daha güclü hala gətirən proses olaraq qarşımıza çıxır. Dolayısıyla bu münasibətlərin daha da inkişaf edəcəyi, Şərqi Aralıq dənizi bağlantısı səbəbilə Orta Dəhlizin də daha da güclənəcəyi gözlənilir.

Çünki Azərbaycanın, məlum olduğu üzrə, “Bir Kəmər, Bir Yol” siyasətinin Orta Dəhlizinin ən mühüm, kritik ölkəsi mövqeyində olduğunu bilirik". 

Ekspert vurğulayıb ki, Azərbaycanın Yaxın Şərq və İslam dünyası ilə qurduğu münasibətlər Çinin də diqqətindən yayınmır:

"Türkiyə Azərbaycanı, Azərbaycan da Türkiyəni müxtəlif sahələrdə gücləndirən iki böyük aktor olaraq prosesə daxil olur".