Təyyarə qəzası ilə bağlı cinayət işi başlandı - YENİLƏNİB



Müdafiə Nazirliyinin məlumat yaydığı məlum hadisə ilə əlaqədar, Hərbi Prokurorluqda cinayət işi başlanaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılmış və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilməyə başlanılıb.
Hərbi Prokurorluğun mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, hazırda ibtidai araşdırma intensiv davam etdirilir.
“Hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək. Hərbi Prokurorluğun rəhbərliyi də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib”, - məlumatda qeyd olunub.
11:16
İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Bu barədə "Sherg.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ilkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.Müdafiə nazirinin tapşırığına əsasən, yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.