Salyanda yaşlı kişi Kür çayına düşüb. Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Kürün Salyan-Babazənan yaşayış massivini birləşdirən çayın üzərində tikilmiş körpünün yaxınlığında baş verib.
Belə ki, Tale Davudzadə küçəsində yaşayan, rayon sakini, 61 yaşlı Əli Əlizadə şəhərdə bir qədər gəzdikdən sonra əl-üzünü yumaq məqsədilə Kür çayının sahilinə enib. Köynəyini çıxarıb çayda əl-üzünü yumaq istəyən zaman qəfil ayağı sürüşüb və çaya düşüb.
Boğulmaq təhlükəsi qarşısında qalan Ə.Əlizadə çayın sahilində bitmiş qamışlardan tutub və “kömək edin” deyərək adamları səsləyib.
Bu zaman körpü ilə Salyan rayonuna gedən Babazənan sakini, 6 saylı tam orta məktəbin yeddinci sinif şagirdi Rəvan Zaidov ona kömək etməyə çalışıb. Eləcə də, Kürün yaxınlığında yaşayan qayıqçı Akif Şahbazov onun köməyinə çatıb.
Ə.Əlizadə çayın Şirvan tayında sahilə çıxarılıb, vəziyyəti normal olduğu üçün yaşadığı ünvana yola salınıb.