Astarada 57 yaşlı kişinin evdə yanaraq ölməsinin təfərrüatı məlum olub.
Oxu.Az xəbər verir ki, dünən Şiyəkəran kənd sakini, 1961-ci il təvəllüdlü Əliyev Sadiq Novruz oğlunun evində baş vermiş yanğın nəticəsində onun dostu Əliyev Cabir Mürvət oğlunun ölməsi barədə məlumat verilib.
Astara Rayon Prokurorluğu tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, C.Əliyev öldürülərək yandırılıb.
Şübhəli şəxs qismində saxlanılan S.Əliyev dostunu qətlə yetirdiyini etiraf edib.
Bildirib ki, C.Əliyevi evinə dəvət edib və orada aralarında mübahisə yaranıb. Mübahisə zamanı S.Əliyev C.Əliyevin əvvəlcə başına odun parçası ilə, daha sonra isə mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirərək onu qətlə yetirib.
Hadisəni törədən S.Əliyev sonra evdəki sobanı təpiklə vurub aşırıb, nəticədə, yanğın baş verib və ev tam yanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.