Vaxt vardı, insanlar onu ələ salırdı

Ellie məşhurlaşıb və indi bölgəyə gələnlər onunla foto çəkdirmək üçün növbəyə dayanır

  “Mauqli” cizgi filmini izləməyən az adam tapılar. Sevənlər də çoxdur. Hazırda dünyada eynilə Mauqli kimi həyat sürən birisinin olduğuna inanmaq isə çətindir. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, Ellie Zanziman Afrika ölkəsi Ruandada dünyaya gəlib. Doğuşdan körpənin fərqli görünüşü diqqət cəlb edib. Ellienin başı adi uşaqların baş ölçülərindən çox kiçik olub. Buna səbəbsə körpənin ana bətnində mikrosefali xəstəliyinə tutulmasıdır. Bu xəstəlik uşağın görünüşünü qeyri-adi, fərqli görkəmə salıb. 

Xarici görünüşünə görə də Ellie uşaq vaxtından yaşıdlarının tənəsi ilə üzləşib, lağ, gülüş obyekti olub. Uşaq mənəvi sıxıntı içində yaşayıb. Onun məktəbə getməsinə də icazə verilməyib, kəndin ağsaqqalları Ellienin fiziki qüsurları səbəbindən normal təhsil ala bilməyəcəyini, zehni inkişafdan geri qaldığını söyləyiblər. 

Bu ayrı-seçkiliyə dözməyən Ellie evdən qaçıb meşəyə sığınıb. Meşənin nemətləri və heyvanlarla birgə böyüyüb. Uzun müddət insanlardan kənarda yaşayan Ellie danışıq dilini getdikcə unudub. Bəzən kənd camaatı onu vəhşi heyvanlar əhatəsində, meymun kimi ağaclarda gəzən, budaqdan-budağa hoppanan, banan yeyən zaman görürdülər. 

Hətta kəndlilər Ellieyə “meymun” ayaması veriblər. Ellienin həyatı “Afrimax TV” televiziyasının onun haqqında sənədli film çəkmək istəyi ilə dəyişib. Bölgəyə gələn film istehsalçıları Ellienin həyatı barədə sənədli film çəkib. Film dünyada rəğbət qazanıb. Bunu görən film istehsalçıları Ellie və anası üçün “GoFundMe” internet səhifəsi açıb. Qısa müddətdə səhifə izləyiciləri külli miqdarda ianə toplayıb. İnternet səhifəsi açılmasında məqsəd Ellie və anasının həyatını köklü şəkildə dəyişmək olub. 

Toplanan ianələr sayəsində Ellie Ruandadakı “Ubumwe Toplum Mərkəzi”ndəki xüsusi ehtiyaclı uşaqlar üçün məktəbdə təhsil ala bilib.

 Ellie məşhurlaşıb və indi bölgəyə gələn turistlər, yerli camaat da onunla foto çəkdirmək üçün növbəyə dayanır. Ellienin anası isə xoşbəxt olduğunu deyib: “Vaxt vardı, insanlar oğlumu ələ salırdı. Mən də onun ardınca addım-addım gəzirdim. İndi isə oğlum yaşıdlarıyla bərabər məktəbə gedir, təhsil alır. Bu məni çox xoşbəxt edir”.