Zərərçəkmiş günlərdir gözləyir: Qəza keçirdi, sonra polis haqsızlığı ilə üzləşdi
13:53 29.09.2025
Hadisə
742
Bakı şəhərində axşam saatlarında avtomobil qəzası keçirən Alməmmədov Hafiz Sarif oğlu qəzadan sonra üzləşdiyi haqsızlıqlarla bağlı "Şərq"ə müraciət edib. Zərərçəkmiş bildirib ki, avtomobilinin qəzalı vəziyyətə düşməsi azmış kimi hadisədən sonra başına əməlli-başlı oyun açıblar.
Hafiz Alməmmədov deyib ki, sentyabrın 24-də Mərdəkan körpüsünə çatmamış üzü Binəyə sarı gedərkən idarə etdiyi 99RH124 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobili ilə qəza keçirib. Daha doğrusu H.Alməmmədovun idarə etdiyi avtomobili arxasınca gələn iki avtomobil vurub. Zərərçəkmiş heç bir qanun pozuntusuna yol vermədiyini söyləyib:
"Yolun ikinci zolağında hərəkət edirdim, yol-hərəkət qaydalarına uyğun olaraq dönmə işığını yandırdım və üçüncü zolağa keçdim. Elə zolağı təzəcə dəyişmişdim ki, arxadan maşınımı vurdular. Onun arxasınca gələn başqa bir avtomobil də maşınımı öncə arxadan vurdu, sonra fırlanaraq ön hissədə "buferi" qopartdı. Hadisənin şokundan özümü itirmişdim, çünki maşında yaxınım var idi, vəziyyəti yaxşı deyildi. Maşınımı vuran sürücü ilə söhbət edəndə spirtli içki qəbul etdiyini, yəni sərxoş olduğunu gördüm. Dedi ki, niyə onun qarşısına çıxmışam. Mən də dedim ki, dönmə işığını yandırıb çıxmışam və arxamdakı maşın ara məsafəsi saxlamalıydı".
Zərərçəkmiş bildirib ki, hadisədən sonra Ruhan Adilbəyli adlı polis müstəntiqi yaxınlaşıb və işə baxacağını deyib:
"Müstəntiq qəza törədən maşınların fotosunu çəkdi, sənədlərimizi aldı və getdi. Maşınımı da Xəzər rayonunda polis bölməsinin cərimə meydançasına gətirdilər. Tibbi müayinədən keçən günün sabahı müstəntiqin qəbuluna getdim və hadisəni olduğu kimi danışdım. Axşam saatları olduğuna görə kamera görüntüsünün yaxşı olmadığını dedilər. Nəysə, sənədlərə qol çəkəndən sonra sığorta ilə maşının təmir olunacağını söylədilər. Ancaq sabah yenidən gedəndə fərqli danışdılar və işin hələ araşdırıldığını dedilər. Hətta söylədi ki, guya günah məndədir. İrad bildirdilər ki, niyə 90-lıq yolda 85-lə sürmüşəm. Niyə ikinci zolaqdan üçüncü zolağa keçmişəm? Belə irad olar?!".
Hafiz Alməmmədov əlavə edib ki, günlərdir onu gözlədir, qəbul etmirlər:
"Məni heç nədən günahkar çıxarmaq istəyirlər, müstəntiq deyir, get hara istəyirsən, şikayət elə. Hətta sutkalıq həbslə hədələyir. Maşının zədələnmiş ön hissəsinin təxminən 400-500 manatlıq xərci olar, amma arxa hissəsinə üç min manatdan artıq ziyan dəyib. Orada dedim ki, maşının ön tərəfini özüm edərəm, arxa hissəsini onlar düzəltdirsin. Zəngimə cavab vermirlər, gedirəm, saatlarla gözlədirlər. 102-yə zəng etmişəm, Baş Prokurorluğa da müraciət etmişəm. Hamısı deyir gözləyin. Nə qədər gözləyək axı. Təsəvvür edin, zərərçəkənin avtomobili cərimə meydançasındadır, digər maşınları buraxıblar. Belə haqsızlıq olar?! Mən öz haqqımı tələb edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya