Hərbi təlimlər: Azərbaycan və Türkiyə şahinləri görüşdü

Azərbaycanla Türkiyə arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən, hər iki qardaş ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında 14-cü Qərargah danışıqları keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Ankara şəhərində keçirilən görüşdə Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.
Qərargah danışıqları zamanı hər iki ölkənin hərbi qulluqçularının peşəkarlığının daha da artırılması məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, həmçinin müxtəlif məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Plana uyğun olaraq Azərbaycan nümayəndə heyəti Türkiyə HHQ-nin hərbi hissələrini və hərbi təhsil müəssisələrini ziyarət edib.


Qardaş ölkələrin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında keçirilən 14-cü Qərargah danışıqlarını şərh edən hərbi ekspert Ramil Məmmədli "Sherg.az"a söyləyib ki, Azərbaycan və Türkiyə orduları arasında bir sıra istiqamətlərdə təlimlər həyata keçirilir:

"Həmin qoşun növlərindən biri də Hərbi Hava Qüvvələridir. HHQ-nin sürətli təmas dövrü 2014-cü ildən başlayıb. "TurAz Qartalı" hərbi təlimləri ildə iki dəfə olmaqla Azərbaycan və Türkiyədə keçrilir. Təlimlər döyüş təyyarələrinin, aviasiya vasitələrinin, pilotlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi baxımından həmişə əhəmiyyətli olub. Məhz təlimlər zamanı təcrübə mübadiləsi həyata keçirilib və hər iki ölkənin ordularının pilotları daha geniş formatda birgə fəaliyyət planlarını müəyyənləşdirə biliblər. Ümumiyyətlə Azərbaycan və Türkiyə hərbi birləşmələrinin birgə təlimləri regionda sülhün və təhlükəsizliyin təminatı baxımından olduqca önəmlidir. Bu təlimlər həm Türkiyə, həm də Azərbaycan üçün çox vacibdir. Təlimlər nəticəsində ümumi təcrübə mübadiləsi aparılır və peşəkar pilotlar öz bacarıqlarını bölüşürlər. Bu isə gələcəkdə baş verəcək təhlükələrin qarşısını almaq üçün iki ölkənin HHQ-nin birgə döyüş əməliyyatları yerinə yetirilməsini asanlaşdıracaq. Eyni zamanda lazım gəldikdə onlar ortaq təhlükələrə qarşı fəaliyyət göstərəcəklər".