Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə qardaş ölkədə səfərdə olan bir qrup azərbaycanlı Vətən müharibəsi iştirakçısı yanvarın 3-də Mersinin işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak edib.
Sherg.az AZERTAC-a istinadən xəbər verir ki, Toroslar bələdiyyəsinin Mersin qubernatorluğu ilə birgə keçirdiyi, minlərlə mersinlinin qatıldığı ənənəvi “3 yanvar Zəfər yürüşü”ndə Azərbaycan qaziləri də iştirak ediblər.
Yürüş iştirakçıları Respublika Meydanında Mustafa Kamal Atatürkün abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, Türkiyə Himnini oxuyublar. Mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğanın təbriki səsləndirilib.
Tədbirdə Jandarma Bölgə Komandanlığının şəxsi heyəti “Tüfəng hərəkətləri”, Jandarma Baş Komandanlığına bağlı Jandarma Komando Xüsusi Asayiş Komandanlığının (JÖAK) şəxsi heyəti isə helikopterlə “üzüm salxımı” nümayiş etdirib.
Sonra Vətən müharibəsi iştirakçılarının Türkiyə Təqaüdçü Astsubaylar Dərnəyində bir sıra rəsmi və hərbyönümlü şəxslərlə görüşü keçirilib.
Görüşdə çıxış edənlər Azərbaycan və Türkiyənin bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini, iki ölkə arasında əlaqələrin dünyada bənzərsiz olduğunu vurğulayıblar. Onlar Azərbaycanın Qarabağ Zəfərinin əhəmiyyətindən danışıb, bu Qələbənin Türk dövlətləri arasında əməkdaşlığı genişləndirmək üçün yeni imkanlar açdığını vurğulayıblar.
Çıxış edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Azərbaycanın Qarabağ münaqişəsini tamamilə həll etdiyini söyləyib, ölkəmizin haqq işində Türkiyənin mənəvi dəstəyini yüksək qiymətləndirib.
O, tarixin müxtəlif dövrlərində Azərbaycanın və Türkiyənin çətin günlərdə daim bir-birinin yanında olduğunu vurğulayıb.
Mersinin işğaldan azad edilməsinin 102-ci ildönümü ilə bağlı tədbirlər ziyafətlə yekunlaşıb.