"Yüksək rütbəli generalların sərəncama buraxılması orduda narahatlıq doğuran bir məsələ deyil. Çünki hərbi strukturda müəyyən yaş həddi var. Həmin yaş həddi isə bu və ya digər formada tətbiq edilməlidir. Demək olmaz ki, General Ənvər Əfəndiyevin yaşı sərəncama göndərilməyə uyğun idi. Amma o, müəyyən qədər xidmət etmişdi və yerini başqasına verməsi normal qəbul edilməlidir".
Bu fikirləri "Sherg.az"a açıqlamasında hərbi ekspert Ramil Məmmədli Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilməsinə münasibət bildirərkən deyib.
O, bildirib ki, Ənvər Əfəndiyev Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin yeni yaradılan Quru Qoşunlarının ilk komandanı olub:
"Bu müddət ərzində Quru Qoşunların formalaşdırılması, komanda hərbi birləşməsinin yaradılması kimi prosesləri həyata keçirib. İndi isə Prezidentin sərəncamına əsasən onun yerinə general leytenant Hikmət Mirzəyev gətirilib. Silahlı Qüvvələrinin əsas döyüş bölmələrindən biri Quru Qoşunlara həm sülh dövründə, həm də müharibə şəraitində təcrübəsi olan peşəkar hərbiçinin təyin olunması ordunun gücünün artmasına gətirib çıxaracaq. Eyni zamanda Xüsusi Təyinatlı Qüvvələrdə toplanılan təcrübə məhz Quru Qoşunlarda da öz sözünü deyəcək. Bu hadisəni ordumuzun peşəkarlaşması prosesində növbəti addım kimi qiymətləndirməliyik. Hikmət Mirzəyevin vətən müharibəsində rəhbərlik etdiyi strukturların qəhramanlıqları hər kəsə məlumdur. Ümumiyyətlə Hikmət Mirzəyevin yeni vəzifəyə gəlməsi kadr islahatları ilə bağlıdır".