- Rusiya hərbi sisteminin mirası Ermənistan ordusunu iflic vəziyyətə salıb
Ermənistan baş naziri Nikol Paşinyan Suren Papikyanı yenidən müdafiə naziri vəzifəsinə təyin etsə də, hökumət başçısının müdafiə sahəsindəki vəziyyətlə bağlı ciddi narazılığı var, hətta bu barədə onunla sərt söhbət edib.
“Hraparak” nəşrinin yazdığına görə, hakim komandada Papikyanın da parlamentin keçmiş sədri Alen Simonyanın taleyini yaşayacağı ilə bağlı söhbət olsa da, uyğun namizəd tapılmadığı üçün Paşinyan bu addımı atmayıb. Baş nazirin narazılığı ictimai müstəvidə səslənən tənqidlərlə bağlıdır: “Son vaxtlar orduda qeyri-döyüş şəraitində baş verən ölüm hallarının artması geniş müzakirə olunduğundan, Paşinyan Papikyanı qınayaraq deyib ki, müharibə olmadığı üçün o, əsas diqqətini hərbçilərin mənəvi-psixoloji vəziyyətinə yönəltməlidir. Məlumata görə, ordunun qarşısında döyüş tapşırıqları olmasa da, daxili nizam-intizam məsələləri nəzarətsiz qalıb, hərbi postlardakı vəziyyət də qənaətbəxş deyil.
Ermənistan Müdafiə Nazirliyi ölüm halları ilə bağlı real statistik məlumatları təqdim etmir, bəzi faktları gizlədir və ya saxtalaşdırır. Baş verən bədbəxt hadisələrin əksəriyyəti barədə ictimaiyyətə məlumat verilmir, yalnız media tərəfindən üzə çıxarılan hallar açıqlanır. Həmin halların bir hissəsi ilə bağlı isə onların guya hərbi xidmətlə əlaqəli olmayan ölüm hadisələri olduğu bildirilir”.
Mövzunu şərh edən hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a bildirib ki, Ermənistan ordusunda qeyri-döyüş şəraitində itkilər daim olub. Onun sözlərinə görə, müdafiə naziri Suren Papikyanın rəhbərliyi dövründə bu göstəricilər daha da artıb və bu tendensiya təbii olaraq ölkə rəhbərliyini ciddi narahat edir:
“"Ermənistan ordusunun əsas problemlərindən biri hələ də 44 günlük müharibədən sonra formalaşan məğlubiyyət psixologiyasını aradan qaldıra bilməməsidir. Şəxsi heyət arasında mənəvi-psixoloji durum tam bərpa olunmayıb və neqativ emosiyalar üstünlük təşkil edir. Bu vəziyyət ordudaxili münasibətlərdə də özünü göstərir. Məsələn, bəzi hərbi qulluqçular bir-birini təhqir etmək məqsədilə “dezertir” ifadəsindən istifadə edirlər ki, bu faktlar Ermənistanın istintaq materiallarında da əksini tapıb.
Digər mühüm problem isə nizamnamədənkənar münasibətlərin hələ də geniş yayılmasıdır. Xüsusilə xidmət müddəti daha çox olan hərbçilərin gənc əsgərlərə qarşı təzyiq və təhqir halları, eləcə də qeyri-rəsmi qaydaların hökm sürməsi orduda sağlam xidmət mühitinin formalaşmasına ciddi maneə yaradır."
Ədalət Verdiyevin sözlərinə görə, Ermənistan ordusunda döyüş postlarında xidmətin təşkili ilə bağlı kifayət qədər böyük çatışmazlıq var:
“Hələ də Qarabağdan olan ermənilərlə Ermənistanda yaşayan ermənilər arasında ayrı-seçkilik müşahidə olunur və bu, ordudaxili qruplaşmaların formalaşmasına səbəb olur. Tərəflər arasında qarşılıqlı təhqirlər, fiziki zorakılıq halları, hərbi hissələrin özbaşına tərk edilməsi, aşağı rütbəli komandirlərin qeyri-etik davranış və ifadələrlə şəxsi heyəti idarə etməsi nəticəsində yaranan münaqişələr Ermənistan ordusunun əsas problemləri sırasında qalır.
Bununla yanaşı, ordunun özündən tam asılı olmayan çətinliklər də mövcuddur. İlk növbədə, təminat və təchizat sahəsində ciddi çatışmazlıqlar hələ də aradan qaldırılmayıb. Ümumilikdə isə bu problemlərin böyük hissəsi Ermənistan ordusuna sovet və sonrakı dövrdə Rusiya hərbi sistemindən miras qalmış köhnə idarəetmə ənənələrinin nəticəsidir. Bu səbəbdən həmin çatışmazlıqların qısa müddətdə aradan qaldırılması Ermənistan üçün real görünmür."