Azərbaycan Ordusunda xidmət sisteminə yeni yanaşma mümkündür - EKSPERT

  • ...Ancaq əsas məqsəd sadəcə xidmət müddətini azaltmaq deyil, daha səmərəli, motivasiyalı və müasir insan resursları sistemi yaratmaq olmalıdır

Gürcüstanda hərbi xidmət sistemində tətbiq olunan yeni model və əsgərlərə yaradılan sosial imkanlar Azərbaycanda da bu sahədə islahatların mümkün istiqamətləri ilə bağlı müzakirələrə səbəb olub.

ReAL sədri Natiq Cəfərli Gürcüstanın hərbi xidmət təcrübəsini nümunə göstərərək Azərbaycanda da çağırış sistemi, xidmət müddəti və əsgərlərin sosial təminatı ilə bağlı dəyişikliklərin mümkünlüyünü gündəmə gətirib. Lakin hərbi ekspertlər hesab edirlər ki, Azərbaycan Ordusunda hər hansı islahat başqa ölkənin modelinin birbaşa köçürülməsi ilə deyil, ordunun döyüş qabiliyyəti və ölkənin təhlükəsizlik tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir.

Hərbi ekspert Elxan Şıxəliyev Sherg.az-a bildirib ki, Gürcüstanda tətbiq olunan yeni hərbi xidmət modeli Azərbaycan SQ tərəfindən ətraflı nəzərdən keçirilə biləcək təcrübələrdən biridir. Onun sözlərinə görə, Gürcüstanın tətbiq etdiyi modeldə hərbi xidmətin müddətinin xidmət istiqamətinə və vəzifəyə uyğun fərqləndirilməsi, hərbi qulluqçuların maddi təminatının artırılması və sosial məsələlərə daha çox diqqət yetirilməsi nəzərdə tutulur. Bunlar müasir hərbi xidmətin təşkilində vacib elementlərdir:

Azərbaycanın özünəməxsus hərbi-siyasi və təhlükəsizlik reallıqları var. Ona görə də Gürcüstan modelini olduğu kimi tətbiq etmək düzgün yanaşma olmaz. Amma həmin modelin ayrı-ayrı elementlərini Azərbaycan şəraitinə uyğunlaşdırmaq mümkündür.

Məsələn, çağırışçıların hərbi ixtisasına və xidmət etdiyi bölmənin funksiyasına uyğun fərqli xidmət müddətlərinin müəyyənləşdirilməsi nəzərdən keçirilə bilər. Eyni zamanda əsgərin xidmət müddətində maddi təminatının artırılması, sosial və məişət şəraitinin yaxşılaşdırılması da mühüm məsələdir.

Əsgərin yaşayış yerinə yaxın xidmət etməsi məsələsinə də çevik yanaşmaq olar. Təbii ki, sərhəd və döyüş bölmələrində əsas meyar hərbi zərurət olmalıdır. Lakin imkan daxilində ailə və sosial vəziyyətin nəzərə alınması əsgərin xidmətə münasibətinə müsbət təsir göstərə bilər.

Azərbaycan Ordusu son illərdə texniki təchizat, döyüş hazırlığı və idarəetmə baxımından ciddi dəyişikliklərdən keçib. İndi bu prosesin mühüm istiqamətlərindən biri də hərbi qulluqçunun sosial müdafiəsi və xidmət şəraitinin daha da müasirləşdirilməsi olmalıdır”.

Hərbi ekspert hesab edir ki, Azərbaycan üçün yeni hərbi xidmət modeli hazırlanacaqsa, onun əsas məqsədi sadəcə xidmət müddətini azaltmaq deyil, daha səmərəli, motivasiyalı və müasir insan resursları sistemi yaratmaq olmalıdır: “Əsas prinsip isə dəyişməməlidir: sosial təminat yaxşılaşdırılarkən ordunun döyüş qabiliyyəti və səfərbərlik imkanları qorunmalıdır.”