İranda çörək satışına məhdudiyyət qoyuldu

İranda çörək satışına tətbiq edilən yeni məhdudiyyətlər ciddi narazılığa səbəb olub. Ölkənin bir sıra əyalətlərində subsidiyalı çörək alışına nəzarət gücləndirilib, müəyyən edilmiş həddi aşan vətəndaşların isə daha yüksək qiymət ödəməsi nəzərdə tutulub.

Sherg.az Musavat.com-a istinadən xəbər verir ki, İranın “Keyhan”, “Şərq” və “Həmşəhri” qəzetlərinin məlumatına görə, Məsud Pezeşkian hökumətinin həyata keçirdiyi “Çörək alışının idarə edilməsi” proqramı əvvəlcə Mərkəzi əyalətində sınaqdan keçirilib, daha sonra Xuzistan və Zəncanda tətbiq olunmağa başlanıb.

Noyabrın ortalarında tətbiq edilən yeni sistemə əsasən, adambaşına aylıq orta hesabla 8 kiloqram subsidiyalı un nəzərdə tutulur. Dövlət tərəfindən subsidiyalaşdırılan unun bir kiloqramı 2300 tümən olduğu halda, müəyyən edilmiş həddi aşan alışlar üçün kommersiya qiyməti 12 650 tümən təşkil edir. Bu isə təxminən 5,5 dəfə qiymət fərqi deməkdir.

İranın “Keyhan” qəzeti yeni qaydaların əhaliyə və çörəkçilərə əvvəlcədən məlumat verilmədən tətbiq olunduğunu yazıb. Nəticədə bəzi bölgələrdə çörək sexlərinin qarşısında növbələr yaranıb, sakinlərlə satıcılar arasında mübahisələr baş verib.

Xuzistanın Şadeqan, Əndimeşk, Omidiyə və Zeydun bölgələrində adambaşına gündəlik 2–2,5 çörək həddi tətbiq edildiyi barədə də yerli mətbuatda məlumatlar yayılıb.

Zəncan əyalətinin Taxıl və Ticarət Xidmətləri İdarəsinin rəhbəri Əli Eyvazi yeni sistemin tətbiqini təsdiqləyib. Onun sözlərinə görə, çörək alışları son iki ilin məlumatları əsasında təhlil edilir, ailə üzvlərinin alışları isə ümumi ailə istehlakı kimi hesablanır.

Rəsmi Tehran məhdudiyyətlərin adi ailələrin gündəlik çörək alışına deyil, subsidiyalı undan sui-istifadəyə və qeyri-adi həcmdə kommersiya alışlarına qarşı yönəldiyini açıqlayıb. Xuzistan rəsmiləri də ailələrin normal ehtiyacları üçün çörək alışına məhdudiyyət qoyulmadığını bildiriblər.

Noyabrın 18-də Prezident Məsud Pezeşkian subsidiyalı məhsullardan sui-istifadə hallarına toxunaraq bəzi şəxslərin ay ərzində 18 tona qədər subsidiyalı çörək aldığını söyləyib.

Yeni qaydalar ölkədə ərzaq qiymətlərinin kəskin artdığı dövrə təsadüf edir. İran Statistika Mərkəzinin məlumatlarına əsasən, oktyabrda çörək və taxıl məhsulları üzrə illik inflyasiya 120 faizi ötüb.