Firdovsi Umudov: "Bu uğurların qazanılması təsadüfi deyil"


Minsk-2019 II Avropa Oyunlarında Azərbaycan idmançılarının iştirakı olduqca uğurludur.

"Sherg.az"ın məlumatına görə, bunu Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Minsk-2019 II Avropa Oyunlarında sərbəst güləş üzrə yığmanın çıxışını dəyərləndirərkən deyib:

Onun sözlərinə görə, Azərbaycan II Avropa Oyunlarında bütün çəki dərəcələrində təmsil olunurdu:

"Sevindirici haldır ki, bütün altı çəkidə medal qazanmaq şansı əldə etdik və bunlardan beşində idmançılarımız kürsüyə çıxdı".

Federasiyanın vitse-prezidenti bildirib ki, komandamızın qazandığı iki qızıl, bir gümüş və iki bürünc medalı uğurlu nəticə hesab etmək olar:

"Mahir Əmiraslanovun yarımfinalda dünya çempionuna qalib gəlməsi, Hacı Əliyevin finaladək iki erməni idmançısı üzərində qələbəsi və daha sonra əvvəllər uduzduğu Vladimir Xinçeqaşvilini məğlub etməsi bizi sevindirir. Yeri gəlmişkən, bu uğurların qazanılması təsadüfi deyil. Çünki dövlətin diqqət və qayğısını hər an hiss edirik. Hər zaman bizə dəstək göstərən Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm.

O, bizdə əlavə motivasiya yaradır. Həmçinin, məşqçilər korpusuna minnətdaram. Birgə əməyin sayəsində bu uğura nail olduq. Azərbaycan Güləş Federasiyasının rəhbəri Namiq Əliyevin nəticələrin əldə olunmasında zəhməti böyükdür. O, güləşçilərimiz üçün hər bir şəraiti yaradıb. Bu şəraitin qarşılığında nəticə əldə olunmaması mümkün deyil".