Bakı-2019: Basketbolçularımız son oyunda qələbə qazandılar


Oğlan basketbolçulardan ibarət Azərbaycan yığması Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında son oyununu keçirib.
APA -nın məlumatına görə, millimiz 7-ci yer uğrunda qarşılaşmada qüvvəsini sınayıb.
Komandamız qrup mərhələsində də görüşdüyü Xorvatiya ilə üz-üzə gəlib. Basketbolçularımız turnirdə ikinci qələbəsini də balkanlılarla görüşdə qazanıb. Matç ərzində xorvatiyalılar üstün durumda olsalar da, yığmamız sonuncu hissədə dönüş yarada bilib – 64:51 (13:14, 13:13, 12:18, 26:6).
Bununla da iki qələbə və üç məğlubiyyəti olan komandamız yekunda 7-ci olub.
Qeyd edək ki, A qrupunda Serbiyaya 39:77, Fransaya 45:53 hesabı ilə uduzan millimiz Xorvatiyanı 58:54 hesabı ilə yenib, 5-8-ci yerlər uğrunda görüşdə Yunanıstana məğlub olub – 29:66.