“Qazeta.ru” Braziliyanın “Folha de Sao Paulo” nəşrinə istinadla xəbər verir ki, Braziliyanın hakimiyyət orqanları ölkənin milli yığmasının və İspaniyanın “Barselona” komandasının keçmiş futbolçusu Ronaldinyonun ölkədən getməsini qadağan edib.
AZƏRTAC xəbər verir ki, bu qadağa Ronaldinyonun Braziliyada Portu-Aleqri şəhərində apardığı tikinti işləri zamanı ekologiyaya vurduğu ziyana görə 2,3 milyon avro məbləğində cərimə edilməsi ilə bağlıdır. Futbolçu həm də tikinti prosesində meşəyə və torpağa zərər vurmaqda ittiham edilir. 39 yaşlı idmançının ölkədən getməsinə qadağa qoyulmasından əlavə, ona məxsus 57 daşınmaz əmlak obyekti üzərinə həbs qoyulub.
Ronaldinyo Braziliyanın “Qremio”, “Flamenqo”, “Atletiko Mineyro”, Fransanın “Pari Sen-Jermen”, İspaniyanın “Barselona”, İtaliyanın “Milan”, Meksikanın “Keretaro” komandalarının heyətində çıxış edib. Bu yarımmüdafiəçinin oynadığı son klub Braziliyanın “Fluminense” komandası olub. Bu klubun heyətində o, 2015-ci ildə çıxış edib.
Ronaldinyo “Barselona”nın heyətində (2003-2008) Çempionlar Liqasının qalibi, iki dəfə İspaniya çempionatının və İspaniya superkubokunun qalibi olub. 2008-2011-ci illərdə “Milan”ın heyətində İtaliya çempionatında qalib gəlib. 2004-cü və 2005-ci illərdə Beynəlxalq Futbol Federasiyasının versiyasına görə dünyanın ən yaxşı oyunçusu hesab edilib. 2005-ci ildə o həm də o vaxt Avropanın ən yaxşı futbolçusuna təqdim edilən “Qızıl top” mükafatına layiq görülüb. Braziliya yığmasının heyətində Ronaldinyo 2002-ci ilin dünya çempionu, Amerika kubokunun və Konfederasiyalar kubokunun qalibi, 2008-ci il Olimpiadasının bürünc mükafatçısı olub. Milli komandanın heyətində keçirdiyi 97 oyunda 33 qol vurub.