AVRO-2020: Azərbaycan Xorvatiya ilə heç-heçə edib -YENİLƏNİB




Futbol üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, AVRO-2020-nin seçmə mərhələsində mübarizə aparan yığma E qrupunda VI turunda qüvvəsini sınayıb.

Nikola Yurçeviçin baş məşqçisi olduğu komanda Xorvatiya ilə görüşüb. Buna qədər keçirdiyi bütün qarşılaşmalarda uduzan milli son dünya çempionatının gümüş mükafatçısı ilə görüşə ilk xal üçün çıxıb.

Oyunun əvvəlində Luka Modriç penalti zərbəsini qola çevirib. 2018-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilən yarımmüdafiəçi bununla öz ad gününə hədiyyə edib.

Buraxılan qoldan sonra yığmamız bir neçə yaddaqalan hücum təşkil etsə də, Zlatko Daliçin komandası daha çox real qol vəziyyəti yaradıb. Lakin millidə debüt edən Emil Balayev dəfələrlə komandamızı qoldan xilas edib.

İkinci hissədə də fəal olan futbolçularımız hücumlarını davam etdirib. Komandamız matç ərzində iki dəfə qaydalar çərçivəsindən kənar şəkildə rəqib qapısına yol tapıb ki, bunlardan birində hakimə sərt etiraz edən qapıçılar üzrə məşqçi Dmitri Kramarenkoya da xəbərdarlıq edilib. Futbolçulardan sarı vərəqə alan Anton Krivotsyuk isə cəzalı duruma düşüb.

Cari tsiklin bütün matçlarında qol sevinci yaşayan yığma bu dəfə də azarkeşlərini sevindirməyə imkan tapıb. Əvvəlki qarşılaşmalarda Mahir Emreli və Ramil Şeydayev hərəyə iki dəfə fərqlənmişdisə, bu dəfə Təmkin Xəlilzadə qol sevinci yaşayıb. O, rəqibin üç futbolçusundan sıyrılaraq üz-üzə qaldığı qapıçını qarşısıalınmaz zərbə ilə məyus edib – 1:1.

Bununla da yığmamız seçmə mərhələdə ilk xalını qazanıb. Ardıcıl 5 qarşılaşmada qol vuran komandamız məğlubiyyət seriyasını da dayandırıb. Bu, komandamızın Xorvatiya ilə ev görüşlərindəki ikinci heç-heçəsidir. Dörd il əvvəl digər xorvatiyalı Robert Prosineçkinin baş məşqçi olduğu vaxt 0:0 hesabı qeydə alınmışdısa, Nikola Yurçeviç qollu heç-heçəyə sevinib.