Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatına start verilib.
APA -nın məlumatına görə, ilk yarış günündə yunan-Roma güləşi üzrə qeyri-olimpiya çəkiləri olan 55, 63, 72 və 82 kq-da çıxış edən idmançılar mübarizəyə qoşulublar.
Azərbaycan yığmasının heyətində Eldəniz Əzizli və Rafiq Hüseynov keçirdikləri görüşləri qələbə ilə başa vuraraq, yarımfinalda iştirak hüququ qazanıblar.
Belə ki, milli üzvlərindən Sənan Süleymanov (72 kq) təsnifat mərhələsində Dominik Etlingerlə üz-üzə gəlib. O, rəqibini 2:0 hesabı ilə məğlub edib. Güləşçi 1/8 finalda gürcüstanlı Yuri Lomadzeni sınağa çəkib. S. Süleymanov qarşılaşmanın gedişində 3:5 hesabı ilə geri düşsə də, yekunda bu dueldən də qalib ayrılıb - 11:5. Milli üzvü 1/4 finalda macarıstanlı Balint Korpaşi ilə üz-üzə gəlib və 0:6 hesabı ilə məğlub olub.
Rafiq Hüseynovun da debütü uğurlu alınıb. Mihail Braduya (Moldova) 6:0 hesabı ilə qalib gələn pəhləvan 1/8 finalda Yuri Şkryuba (Ukrayna) ilə qüvvəsini sınayıb. Təmsilçimiz bu dəfə də rəqibini məğlub etməkdə çətinlik çəkməyib - 7:0. 1/4 finalda qazaxıstanlı Marat Yerejepovla güləşib. R. Hüseynov qarşılaşmada vaxtından əvvəl qalib elan olunub. Bu, 1:7 hesabı ilə uduzan rəqibin zədələnərək, döyüşü davam etdirə bilməməsi səbəbindən baş verib. Qələbə təmsilçimizi yarımfinala daşıyıb.
55 kq çəkidə mübarizə aparan Eldəniz Əzizli ilk döyüşünü hindistanlı Manjet Manjetə qarşı keçirib. 1/8 final çərçivəsində baş tutan qarşılaşma güləşçimizin asan qələbəsi ilə yekunlaşıb - 8:0. Dünya çempionumuz monqolustanlı Davaabandi Munx Erdeni də məğlub etməkdə çətinlik çəkməyib və adını yarımfinala yazdırıb.
Elman Muxtarovun (63 kq) da ilk döyüşü 1/8 finala təsadüf edib. Ermənistanlı Slavik Qalstyanla güləşən idmançı 7:3 hesabı ilə öndə olsa da, yekunda 7:16 hesabı ilə uduzub.
Qeyd edək ki, mundial sentyabrın 22-də başa çatacaq.