Azərbaycan güləşçisi dünya çempionatının finalında məğlub olub



Azərbaycan yığması Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatının ikinci günündə 2 medal qazanıb.

APA-nın məlumatına görə, milli üzvlərindən Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc mükafata sahib olub. 

İlk medal günündə təmsilçilərimizdən mübarizəyə öncə Eldəniz Əzizli qoşulub. Bir gün əvvəl yarımfinalda məğlub olmaqla, dünya çempionu titulunu təhvil verən pəhləvan 3-cü yer uğrunda amerikalı Maks Emilyano Nouri ilə üz-üzə gəlib. Görüş E. Əzizlinin təmiz qələbəsi ilə yekunlaşıb. Rəqibinə cəmi 39 saniyəyə qalib gələn (8:0) güləşçi mundialı bürünc medalla bitirib. 

Finaladək 4 qarşılaşmada qalib gələn Rafiq Hüseynov həlledici görüşdə gürcüstanlı Laşa Qobadze ilə qüvvəsini sınayıb. O, qələbə seriyasını davam etdirə bilməyib. İlk hissədə 0:5 hesabı ilə geri düşən güləşçi sonradan fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib - 3:5. R. Hüseynov ikinci yerlə kifayətlənib. 

Bu gün təsnifat döyüşlərinə çıxan güləşçilərimiz isə uğursuzluqla üzləşiblər. 

Rəsul Çunayev (67 kq) macarıstanlı Mate Kraşnaya 8:0 hesabı ilə qalib gəlsə də, 1/16 finalda koreyalı Hansu Ryuya 1:2 hesabı ilə uduzub. 87 kq çəkidə mübarizə aparan İslam Abbasov isə mundialla 1/8 finalda vidalaşıb. Qurami Xetsuriani (Gürcüstan) üzərində 4:0 hesablı qələbə sayəsində mərhələ adlayan pəhləvan Ramin Taherisartanq (İran) qarşısında aciz qalıb - 0:6. 

Onlardan fərqli, Orxan Nuriyev (97 kq) debütdə məğlubiyyətə üzülüb. O, 1/16 finalda Yerulan İskakovla (Qazaxıstan) üz-üzə gəlib və 1:2 hesabı ilə uduzub. Hər 3 idmançının rəqibi finala yüksəlmədiyindən dünya çempionatında mübarizəni dayandırıblar. Onlar həmçinin Tokio-2020-yə lisenziyanı da qazana bilməyiblər. 

Qeyd edək ki, dünya çempionatında yunan-Roma güləşinə sabah yekun vurulacaq. Azərbaycan yığmasının heyətində son olaraq, Taleh Məmmədov (60 kq), Elvin Mürsəliyev (77 kq) və Beka Kandelaki (130 kq) xalçaya çıxacaq.