“Ayaks” ın təcrübəsindən yararlanacağıq”


Aydin Karaca: “Bu Azərbaycan klubları üçün də əlverişli imkan deməkdir”

Almaniyada fəaliyyət göstərən AZE Nakhchivan-Köln SK klubunun prezidenti Aydin Karacanın müsahibəsi:
-Aydın bəy mümkünsə oxucularımıza özünüz barənizdə məlumat verərdiniz, harda yaşamısınız, nə ilə məşğul olmusunuz? Futbola gəlişiniz nə zamandan başladı? Bu kimi suallara ətraflı cavab verəmənizi xahiş edirik. Çünki Avropada belə bir futbol komandamızın yaradılması oxucularımız üçün nə qədər maraqlıdırsa bu işə rəhbərlik edən şəxs kimi haqqınızdakı bilgilər  ictimaiyyətimiz üçün bir o qədər maraqlıdır. Beləliklə söz sizdə :
-İlk öncə məni oxucular tanıtmaq üçün azərbaycanlı qardaşlarımızla bizim aramızda körpü yaratdığınız üçün sizə təşəkkür edirəm.
1967-ci il iyunun 16-da  Türkiyənin Akhisar qəsəbəsində dünyaya gəlmişəm. 1979-ci illərdə Almaniyaya ailəlikcə köç etdik. Burada orta məktəbi bitirdik və həyatımıza davam etdik. Futbola marağım isə kiçik yaşlarımdan olub. Çox kiçik yaşlarından futbol həyatına atıldım. 7 yaşındaykən  Türkiyədə futbol oynamağa başladım, 11 yaşındaykən Almaniyanın PSV-Köln komandasında oynamağa başladım. 1995-ci ildə  Fatihspor futbol komandasını qurduq. 
Daha sonra bu komandanın adı dəyişdik. 1996-cı ildə komandamız JSV Köln-96 adlandı. 1996-cı ildən bugünə qədər bu futbol komandasına rəhbərliyə davam edirəm. Bundan başqa Atletiko Köln-96 futzal komandamız da fəaliyyət göstərir.

-Necə oldu ki, bu Azərbaycan adına futbol komandası qurmağa qərar verdiniz? Niyə məhz Naxçıvan? Naxçıvanla sizi bağlıyan bir səbəb var idimi ?
-Bizim Avropada Türkiyə türkləri olaraq sayımız demək olar ki, 10 milyona yaxındır. Yalnız Almaniyada yüzlərlə Türkiyə adı ilə bağlı futbol komandalarımız fəaliyyət göstərir. Digər Avropa ölkələrini də bura qatsaq belə klublarımızın sayı minə çatır. Apardığım araşdırmalara görə Avropada Azərbaycan adına professional anlamda fəaliyyət götərən klub yoxdur.  Biz AZE Nakhchivan-Köln SK klubunu təsis etdiyimiz zamanlarda Avropada yalnız Avstriyanın paytaxtı Vyanada Qarabağ klubu vardı. Aldığımız son məlumatlara görə o klub da satılıb. Bu hal əlbəttə  təssüffedicidir. Arzu edərdik ki, Avropada Azərbaycan adına futbol klublarının sayı çoxalsın. Bu cür olması Azərbaycan futbolunun inkişafına ciddi töhfə verə bilər. 
Hazırda Avropada fəaliyyət göstərən peşəkar Azərbaycan klubu yoxdur. Biz də qərar verdik ki, Azərbaycanla  bağlı olan futbol klubu təsis edək. Bununla bağlı  bir araşdırma etdik. Sevindirici haldır ki, Qarabağ futbol klubu artıq Avropada tanınır, Bakının güclü Neftçi və digər klubları var.   Naxçıvan kimi qədim tarixi və zənginlikləri olan bir bölgənin beynəlxalq arenada tanınan futbol klubu yoxdur, eyni zamanda blokadada olan bu muxtar vilayətin tanınmasına ehtiyac olduğunu düşünürük. Naxçıvanın tanınması demək, Azərbaycanın tanınması deməkdir. Həm də Azərbaycan tarixinə baxdığımız zaman bu bölgə həm tarixin həm də tarixi şəxsiyyətlərin vətəni olub. İnanıram ki, komandamızla Avropada Azərbaycanın səsi daha güclü eşidiləcək.

-Perspektivdə hansı pılanlar var, məqsəd və hədəflər nədən ibarətdir?

-Futbolda səbr çox önəmlidir. Əgər gələcəyə yönəlik uğur əldə etmək istəyirsinizsə mütləq səbr edəcəksəniz. İlk növbədə uşaq futbolunun inkişafı barədə düşünmək lazımdır. Bir çox komandaların uğursuzluqlarının əsas səbəbi alt yapının yetişdirib əsas heyətə gənc oyunçu verməməsidir. Bunun nəticəsində maddi potensial transferlərə sərf edilir. Bu da gələcək dönəmdə maliyyə sıxıntılarının yaranmasına səbəb olur. Biz əsas diqqəti gənc oyunçuların yetişməsinə, futbolçu bazasının formalaşdırılmasına yönəltməyə qərarlıyıq. 
Komandanı qurmaqda digər məqsədlərimizdən biri də Azərbaycanın futbol klubları üçün təlim məşq mərkəzi formalaşdırmaqdır. Gələcəkdə Azərbaycan futbol komandaları Kölnə gələrək təlim məşq toplanışlarını məhz bizim mərkəzimizdə həyata keçirə bilərlər. Bir sözlə Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik. Bu Azərbaycan klubları üçün də əlverişli imkan deməkdir.  

-Bu yaxınlarda mətbuatda gedən məlumatlardan məlum olur ki, klubun akademiyasını qurmağa qərar vermisiniz. Avropada xüsusən Almaniyada uşaq futbolu inkişaf edib. Bu təcrübədən yararlanacaqsınızmı? 

-Haqlısınız. Avropa uşaq futbolunda çox böyük yol qət edib. Bu anlamda  Avropanın təcrübəsindən yararlanmamaq mümkünsüzdür. Hollandiyanın xüsusən “Ayaks” ın təcrübəsindən yararlanmağı qərara almışıq. Avropanın digər komandaları ilə əməkdaşlıq edərək onların da təcrübələrindən yararlannmağı planlaşdırırıq. 

-Azərbaycan qurumları ilə xüsusən AFFA ilə əməkdaşlıq etməyi planlaşdırırsınızmı? 

-Bütün qurumlarla qapımızın açıq olduğunuzu,  bəyan etmək istəyirəm. AFFA ilə əməkdaşlığa maraqlıyıq və bu məqsədlə AFFA rəhbərliyinə də müraciət etmişik. Ümid edirik ki AFFA rəhbərliyi müraciətimizi müsbət dəyərləndirəcək və bizimlə yaxından əməkdaşlıq edəcək. Eyni zamanda media vasitətənizlə Azərbaycan futbol klublarına da müraciət edərək onlarla əməkdaşlığa hazır olduğumuzu bəyan etmək istərdim.
Bu arada qeyd edim ki, Naxçıvan Muxtar Respublikası rəhbərliyinə razılığımızı bildirmək istərdim. İlk gündən komandamıza göstərilən diqqətdən və mənəvi dəstəyindən dolayı Naxçıvan MR Gənclər və İdman Naziri Azad Cabbarova təşəkkür edirəm.

-Bu yaxınlarda AZE Nakhchivan Köln SK-nın  rəsmi açılış törəni olacaq. Hazırlıqlar nə yerdədir?

-Açılışımız 15 fevral 2020-ci il tarixində Almaniyanın Köln şəhərində keçiriləcək. Açılışa bir çox yerli alman futbol mütəxxəsisləri, başqa ölkələrin də futbol ekspertləri dəvət olunub.  Klubumuzun strategiyası, məqsəd və vəzifələrini  qonaqlarımıza və mediaya açıqlayacağıq. 
Komandamızın açılışında iştirak etmək arzu edənlər, facebookda fəaliyyət göstərən səhifəmiz vasitəsi ilə bizi tapa və buradan müraciət edə bilər.