UEFA Millətlər Liqasında Estoniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Tallin şəhərinə yola düşüb.
AFFA-dan verilən məlumata görə, yığmanı səfərə aparan təyyarə saat 15:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb.
Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da matçın baş tutacağı "Lilleküla" stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Estoniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bu zaman futbol həvəskarlarını bu sual düşündürür. Milli komandaya gəlişindən sonra iki görüşdə uğursuzluqla üzləşən Fernandu Santuşun ixtiyarında olan "Azərbaycan" millisi "Estoniya"ya qalib gələ biləcəkmi?
İdman jurnalisti Ağa Dadaşzadə "Sherg.az"a söyləyib ki, olduqca maraqlı qarşılaşma olacaq:
''Son oyunda rəqib meydanında qalib gəldik. Ondan əvvəl isə Bakıda bərabərə qaldıq. "Estoniya" bizə uyğun rəqibdir. Doğrudur, onlarla oyunda dəfələrlə məğlub edildik. Hazırki durumda "Azərbaycan" futbolçularının qalib gəlməsi şərtdir. Etiraf edək ki, "İsveç"lə ilk oyun ürəkaçan idi. 65 dəqiqə rəqibi təziq altında saxladıq. Rəqib meydanda isə "Slovakiya" ilə oyunda uğursuzluq yaşadıq. Ümumiyyətlə, "Estoniya" kompakt oynayan komandadır. Oyun tempini saxlamağı bacarırlar və oyunçuları fiziki cəhətdən yaxşıdılar. Nəticə olmasa belə, çempionatda olan vəziyyət normaldır. Estoniyanın futbol federasiyasında müəyyən problemlər var. Milli komanda da bir sıra söz-söhbətlər gəzir. Çox ehtimal, Fernandu Santuş oyunun gedişini planlayıb və çatışmayan cəhətləri düzəldəcək. Fikrimcə, bu matçda Santuşun taktiki sistemi milli komandamızın xeyrinə olacaq. Əks halda, növbəti oyunlara şansımız qalmayacaq".