"Sabah" "Tsele" üzərində qələbəni əldən verdi

Azərbaycan Kubokunun qalibi "Sabah" komandası UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.

Teleqraf xəbər verir ki, I təsnifat mərhələsində rəqib Sloveniya Kubokunun sahibi "Tsele" olub.

Əlincə stadionunda (Bank Respublika Arena) təşkil olunmuş ilk qarşılaşma qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2.

Hesabı 3-cü dəqiqədə "Sabah"ın kapitanı Pavol Şafranko açıb. 30 yaşlı slovakiyalı hücumçu künc zərbəsindən sonra topu başla rəqib qapısından keçib.

Lakin cəmi 4 dəqiqə sonra "Tsele"nin forvardı Franko Kovaçeviç təkbətəkdən bərabərlik qolunu vurub.

18-ci dəqiqədə "Sabah" kollektivi penalti qazanıb. Qazaxıstanlı baş hakim Daniyar Saxi VAR-a baxdıqdan sonra 11 metrlik cərimə zərbəsi təyin edib. Şafranko bu imkandan yararlanaraq, özünün və komandasının ikinci qolunu vurub.

Azərbaycan klubu fasiləyə öndə çıxıb. Lakin ikinci hissənin əvvəllərində "Tsele" yenidən bərabərliyə nail olub. 48-ci dəqiqədə Kovaçeviç "dubl" edib. Yekun nəticəni isə 90+3-cü dəqiqədə Darko Hrka müəyyənləşdirib.

Beləliklə, səfər matçından sərfəli nəticə ilə ayrılan Sloveniya təmsilçisi iyulun 17-də öz meydanında keçirəcəyi cavab görüşü üçün üstünlük əldə edib.