5–8 fevral 2026-cı il tarixlərində Şimali Kipr Türk Cümhuriyyətində təşkil olunan uşaq fitnesi üzrə Avropa çempionatı Azərbaycan komandası üçün əlamətdar nəticələrlə yadda qalıb.
INBA Qlobal Azərbaycan Birliyinin mətbuat xidmətindən Sherg.az-a verilən məlumata görə, yarışın ikinci günündə “Fitness dance” və “Miss fitness” kateqoriyalarında 9–11 yaş qrupunda mübarizə aparan İnci Ömərli, eləcə də 12–14 yaş qrupunda çıxış edən İnci Mehdizadə bürünc medal qazanıblar.
Komandanın digər üzvü Mirramiz Zəkizadə isə “Fitness stamina” kateqoriyasında gümüş, “Acro dance solo” kateqoriyasında isə bürünc medala layiq görülüb.
Bununla yanaşı, “Acro dance duo” kateqoriyasında Mirramiz Zəkizadə – İnci Mehdizadə tandemi çempionatın qalibi olaraq qızıl medal əldə edib.
Ümumilikdə Azərbaycan komandası yarışda 2 kubok və 8 medal qazanaraq yüksək nəticə göstərib. Komandanın hər üç üzvü 15–17 sentyabr 2026-cı il tarixlərində Xorvatiyada keçiriləcək Dünya çempionatına vəsiqə əldə edib.
Qeyd edək ki, Azərbaycan uşaq fitnesi üzrə beynəlxalq yarışda ilk dəfə təmsil olunub.
Atletlərimizi bu uğur münasibətilə təbrik edir, onlara gələcək yarışlarda yeni nailiyyətlər arzulayırıq. Komandanın formalaşmasında və hazırlığında dəstək göstərən hər kəsə təşəkkür edirik.

