Fuad İbrahimov: “...Vətəndaş evindən düşüb aşağıdakı marketə yaxınlaşır və oradan alır. Biz bu zaman məhsulu 2 və ya3-cü əldən alırıq, sonra da fikir formalaşdırırıq ki, bazarda qiymət bahadır”
Son günlər bazarlarda süni qiymət artımının olması ilə bağlı iddialar səslənir. Məlumata görə, bəzi meyvə və tərəvəzlərin qiyməti bahalaşmaya doğru gedir.
Belə ki, ötən illərin cari dövrü ilə müqayisədə kartof, soğan, üzüm, alma, pomidor, xiyar və başqa məhsulların qiymətləri xeyli yüksəkdir. Qiymətlərin bu cür olması isə insanlarda haqlı narazılıqlara səbəb olur. Maraqlıdır, qiymətlərin günü-gündən bahalaşması nə ilə əlaqədardır?
Qiymət artımının heç də süni amillərlə bağlı olmadığını deyən iqtisadçı-ekspert Fuad İbrahimov “Sherg.az”a söyləyib ki, bazardakı bahalaşmanın obyektiv səbəbləri də var.
İqtisadçı qeyd edib ki, bu ilk növbədə idxal olunan məhsulların dünya bazarında qiymətinin artması ilə bağlıdır və eyni hal başqa ölkələrdə də müşahidə olunur:
“Hər birimizin uşaqlıq dövrü olub. Həmin ərəfələrdə bazar günləri səhər saatlarında atam bazara gedirdi. Bazarlıq etdiyi zaman o məhsulu birbaşa kəndlinin özündən və real qiymətə ala bilirdi. Vətəndaşlarımızda tənbəllik əmələ gəlib. Necə ki, televizorun, kondisionerin pultu yaranıb və digər ev əşyalarının da istifadəsi rahatdır, eləcə də insanlarda tənbəlləşmə meylləri yaranır.
Bu gün vətəndaş evindən düşüb aşağıdakı marketə yaxınlaşır və oradan nəyisə alır. Biz bu zaman məhsulu 2-3-cü əldən alırıq və fikir formalaşdırırıq ki, bazarda qiymət bahadır. Kimsə gəlir başqasına deyir və söz-söhbətlər yayılır. Tənbəllik kənara qoyulsa, səhər vaxtlarında sözün əsl mənasında bazar vaxtında alış-veriş edilsə, insanlarda bahalaşmanın olduğuna aid fikir formalaşmayacaq. İnsanlar öyrəşib ki, düşüb marketdən iki salxım üzum alsın və sonra desin ki, üzümün qiyməti çox bahadır. Amma bu, belə deyil axı”.
İqtisadçının sözlərinə görə, dünyanın istənilən ölkəsində, hətta ABŞ-da insanlar həftədə bir dəfə gedib hipermarketdən bazarlıq edirlər:
“Yəni, gündəlik olaraq balaca marketlərə girən yoxdur. Amma Azərbaycanda kimsə marketdən kartof alır və deyir ki, kartofun qiyməti qalxıb. Daha başa düşmürlər ki, satıcı oradan dolanır.
2-3-cü əldən satılan kartofun qiyməti təbii ki, baha olacaq. Bu cür yanaşmaları kənara qoysaq və hamı gedib, əsas mənbəyin özündən bazarlıq etsə, o zaman görəcəklər ki, qiymətlərdə ən azı 50 faizə qədər fərq var”.