Ekspertdən universitetlərə:“Tələbələrin nəqliyyatdan güzəştli istifadəsinə..."

Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universiteti öz tələbələrini yeni smart kartla təmin edəcək. Bu smart kartlar tələbələrin təqaüd, ictimai nəqliyyat kartı və tələbə biletini əvəz edəcək. Artıq universitetin aidiyyəti şöbəsi tələbələri ali məktəbə dəvət edərək onlardan bu prosesin həyata keçirilməsi üçün lazımi sənədləri toplayır. Məlumata görə, həmin smart kartlardan istifadə edən tələbələrə ictimai nəqliyyatda güzəştlər olunacaq. 

Bəs bu təşəbbüs digər universitetlərimizdə də tətbiq oluna bilərmi?



Sualımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a bildirib ki, İqtisad Universitetinin tələbələri smart kartla təmin etməsi olduqca təqdirlayiqdir.

Onun sözlərinə görə, dünyanın hər yerində tələbələr üçün ictimai nəqliyyatdan istifadəyə xüsusi güzəştlər var:

“Azərbaycanda ilk dəfə olaraq İqtisad Universitetinin bu addımı atması sevindirici haldır. Yeganə problem proqram təminatında ola bilər. Çünki həmin kartların metro və avtobuslarda çalışması üçün Bakı Metropoliteni ilə birlikdə layihə həyata keçirilməlidir. Bu zaman proqram təminatı uyğun gələcək və həm metroda, həm avtobusda həmin kartlar ödəniş vasitəsi kimi qəbul olunacaq”. 

İqtisadçı bildirib ki, digər universitetlər bu olanlardan örnək götürməlidirlər:

“Ümumilikdə həm universitetlərin, həm də Təhsil Nazirliyi və dövlətin digər sturukturlarının təşəbbüsü ilə belə addımlar atıla bilər. Tələbələr üçün nəqliyyatdan istifadə xərcləri xeyli dərəcədə ucuzlaşmalıdır. Məsələn, Avropa ölkələrinin bir çoxunda tələbələr üçün 50-70 faiz arasında güzəşt var. Türkiyədə isə bu güzəştlər 40-50 faizi təşkil edir.

Azərbaycana belə bir sistemin gətirilməsinə və tələbələrin nəqliyyatdan güzəştli istifadə etməsinə ehtiyac var. Çünki ölkəmizdəki universitetlərdə kampus sistemi olmadığı üçün nəqliyyat xərcləri tələbələrin yük olaraq çiyinlərinə düşür. Bu yükün azaldılması üçün addımların atılması gələcəkdə müsbət effekt verə bilər”.