Avtomobillərin qiyməti ucuzlaşır ? - AÇIQLAMA


“Yaxın bir-iki müddətinə Azərbaycanda avtomobillərin qiyməti ucuzlaşa bilər”.

Bu barədə “Sherg.az”a avtomobil bazarındakı son durumu dəyərləndirərkən “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, hazırda avtomobil bazarında qiymətlər artan dinmika üzrə hərəkət edir:

“Bu tendensiya hər il bu cür olur. İlin sonu, xüsusən də, payız fəsli başlayanda bazarda canlanma yaranır deyə qiymətlər yüksəlir. Hazırda ölkədə avtomobil bazarı tamamilə nəzarətsiz vəziyyətdədir. Avtomobil dəllalları bazarda istədiyi vaxt qiymətləri qaldırıb- endirərək tələb-təklif tarazlığını pozur. Fikrimcə, yaxın bir-iki ilə ölkədə avtomobillərin qiyməti ucuzlaşa bilər.



Sadəcə, dövlət tərəfindən bu işə bir daha sərt şəkildə yanaşma nümayiş etdirilməlidir. Yəni, hibrit və elektromobillərin ölkəyə gətirilməsini situmullaşdırmaq lazımdır. Hətta bununla bağlı cənab Prezident tərəfindən 2018-ci il, dekabr ayının 20-də yol hərəkəti  təhlükəsizliyinə dair dövlət proqramı hazırlanıb. Orda da bu məsələ öz əksini tapır. Yəni, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da situmullaşdırma lazımdır.

Bəzi ölkələrin bu yöndə tətbiq etdikləri tücrübə bizdə də həyata keçirilə bilər. Belə ki, benzin və dizel mühərriklə işləyən avtomobillər gətirən insanlarla elektromobil idxal edənlər arasında gömrük, vergi ödənişlərində təxminən 70 faizə yaxın endirim ola bilər. Dizel mühərriklə işləyən avtomobillərin idxalına 10 min manat gömrük rüsumu alınırsa, bu rəqəm elektromobil gətirənlərdə üç min manat olmalıdır. Artıq belə bir praktikada insanlar situmul hiss edirlər. Onlar köhnə avtomobillərdən az istifadə etdikcə qiymətlər düşür. Çalışmalıyıq ki, avtomobil bazarındakı köhnə maşınları almayaq. Köhnə avtomobillər ölüm deməkdir”. 

E.Muradlı onu da söyləyib ki, mövsümlə əlaqədar olaraq bazarda avtomobillərin qiyməti bahalaşıb:

“Qiymətlər artmağa davam edir. Ona görə də, dövlət bu sahədə bəzi tədbirlər həyata keçirməlidir. Yeni avtomobillərdə rüsumlar aşağı olmalıdır. Bu zaman insanlar aşağı qiymətə yeni avtomobil alar. Beləliklə də, həm bazardan köhnə maşınlar çıxar, həm də qiymətlər normallaşar. İndiki halda Azərbaycan regionun ən güclü dövlətidir. Qonşu dövlətlərin bir çoxu Azərbaycandan asılı vəziyyətdədir. Amma hazırda biz Gürcüstandan avtomobil sənayesində geridəyik. Gürcüstanın daxili avtomobil sənayesi yoxdur.

Lakin gömrük rüsumları az olduğuna görə, başqa ölkələrdən ucuz qiymətə köhnə avtomobillər gətirir. Müxtəlif kosmetik dəyişikliklər edərək ixrac edir. Məgər bu gün Azərbaycanın Yaponiyadan, Almaniyadan avtomobil idxal etməyə gücü yoxdur? Əlbəttə, var. Amma ölkədə elə bir şərait yaradılıb ki, bu mümükünsüz həddə çatıb. Bu kimi məsələlərə diqqət yetirilsə, avtomobil bazarımızdakı durum arzuolunan səviyyəyə yüksələcək”.