Azərbaycanda qızıl istehsalı 7, gümüş istehsalı isə 19 faiz artıb. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 2 405,5 kq qızıl istehsal edilib. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz çoxdur. Eyni zamanda bu ilin 8 ayı ərzində Azərbaycanda 2 460,6 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 19,3 faiz çoxdur.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimov “Sherg.az”a söyləyib ki, bu artım iqtisadiyyatımız adına sevindiricidir:
“Belə bir atım birmənalı olaraq qeyri-neft sektorunda yaşanıb. Yəni, qeyri-neft sektorunun tərkibindəki sahələrdə artım var. Eyni zaman da qızıl-gümüş kimi qiymətli metallar bizim mentalitet olaraq daha çox üstünlük verdiyimiz məhsullardır.
Həmçinin qızıl metalı dünyadakı strateji məhsullardan biridir. Elə bu faktordan dolayı qızıl və gümüş istehsalındakı artımı müsbət dəyərləndirirəm.
Eyni zamanda bu sahənin inkişafı qeyri-neft sektorunun iqtisadiyyatımızdakı çəkisini də artırır”.