Heç kimə sirr deyil ki, müstəqil Azərbaycanın yüksəliş dövrünün əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının uğurları ilə qoyulub. Məhz həmin strateji kursun nəticəsində “Əsrin müqaviləsi”nin həyata vəsiqə alması ilə gənc, müstəqil Azərbaycan dövləti karbohidrogen ehtiyatlarından sərbəst surətdə istifadə etmək imkanı qazanıb. Ötən müddətdə neft strategiyası çərçivəsində əldə olunmuş uğurlar Azərbaycanın iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu xeyli artırıb, ölkəmiz qlobal enerji və nəqliyyat layihələrinin əsas təşəbbüskarı və fəal iştirakçısına çevrilib.
Amma hər şey belə asan başa gəlməyib. Azərbaycan nefti, Azərbaycan neftçiləri böyük bir şanlı tarixə də şahidlik ediblər. Neft tarixindən söz düşəndə, nədənsə ilk yadıma düşən “Nəsimi” filmində Miranşahın atası Əmir Teymura dedikləridir. Əlincə qalasını illərlə mühasirədə saxlayan varis qalanı fəth edə bilməməsinin bir səbəbini də belə izah edir: “Bakıdan gizli yollarla neft gətirib qaladan başımıza od tökürlər”. Hə, Bakı neftinin tarixi çox uzaqlara gedib çıxır. IX əsrdə yaşamış ərəb tarixçisi Əhməd Əl-Bəlaruri, sonrakı dönəmlərdə Əbu İshaq İstəxri və Əbu Həsən Əli Məsudi Bakının neftli torpağı barədə yazmışlar. İtaliyalı səyyah Marko Polo, alman diplomat Adam Oleari də Bakı neftinə öz qeydlərində yer ayırıblar.
Tarixi mənbələrə inansaq, Abşeronda ilk neft quyusunu 1594-cü ildə Allahyar Məmməd Nuroğlu qazıb. Əmin Əhməd Razinin məlumatına görə, XVI əsrin əvvəlində Bakı ətrafında 500-dək belə neft çalası və quyusu olub.
Ümumiyyətlə, Azərbaycan neft sahəsində dünya miqyasında bir çox “ilk”lərə imza atıb. 1803-cü ildə Qasımbəy Mənsurbəyov Bibi-Heybət yaxınlığında iki neft quyusunu qazdırıb. 1847-ci ildə dünyada ilk dəfə olaraq Bibi-Heybət ərazisində mexaniki üsulla neft quyusu qazılıb və sənaye əhəmiyyətli neft çıxarılmağa başlanmışdır. 1871-ci ildə yenə dünyada ilk dəfə Balaxanıda neft quyusu yeni qazma üsulu, yəni ağac ştanqların tətbiqi və zərbə yolu ilə qazıldı, “Balaxanı-Sabunçu-Ramanı” yatağı sənaye üsulu ilə işlənilməyə başlandı. Bir maraqlı fakt, təsəvvür edin, 1899-1901-ci illərdə Azərbaycan il ərzində təxminən 11.5 milyon ton neft ixrac etməklə dünyada birinci yeri tutmuşdu. Müqayisə üçün həmin ildə dünyanın ən böyük dövlətlərindən olan ABŞ 9.1 milyon ton neft hasil etmişdi.
Azərbaycan öz adından bir də İkinci dünya müharibəsi zamanı söz etdirdi. 1941-ci ildə Azərbaycanın istehsal etdiyi 23.5 milyon ton neft SSRİ-də çıxarılan neftin 71.4 %-ni təşkil edirdi. 1949-cu ildə isə Azərbaycan dünya neft tarixinə daha bir möhtəşəm “ilk”lə damğasını vurdu. Belə ki, həmin il “Neft Daşları” yatağı kəşf olundu və dünyada ilk dəfə dənizdə neft quyusu qazıldı. Orada qazılan quyu 1949-cu ilin noyabr ayının 7-də neft verdi və “Neft Daşları” dünya miqyasında açıq dənizdə kəşf edilmiş birinci yataq oldu, Ginnesin Rekordlar kitabına düşdü. Bu il 70 illiyini qeyd edəcək “Neft Daşları”ndakı yataqlardan indiyədək 180 milyon tonadək neft hasil olunub. 1971-ci il martın 28-də respublikamızda ümumilikdə milyardıncı ton neft çıxarıldı. Yeri gəlmişkən, ümummilli lider Heydər Əliyev “Neft Daşları”nı əsrdən əsrə atılmış körpü adlandırıb. Bu sözlərin dərin mənası var. Çünki “Neft Daşları”nın ardınca bu böyük xəttin üstündə “Günəşli”, “Çıraq”, “Azəri”, “Kəpəz” və zəngin ehtiyatlara malik digər yataqlar aşkar olunub. Bu gün onlar hələ də bütün dünyaya səs salmağa davam edir.
70-80-ci illər Azərbaycan neft sənayesinin yüksəliş dövrü hesab edilə bilər. Həmin illərdə dənizin 200 metr dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf-1” üzən qazma qurğusundan istifadəyə başlanıldı. Sonra ardıcıl olaraq “Şelf-2”, “Şelf-3”, “Şelf-4” və “Şelf-5” qurğuları istifadəyə verildi, 1980-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı.
SSRİ-nin dağılma ərəfəsi və ondan sonrakı iki il ərzində Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi neft sənayesində də durğunluq dövrü yaşandı. Hər şey ulu öndərin təşəbbüsü və gərgin əməyi iləə ərsəyə gələn “Əsrin müqaviləsi”ndən sonra başladı. Həmin il sentyabrın 20-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” (AÇG) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş imzalandı.
Sabah 25 illiyi qeyd olunacaq “Əsrin müqaviləsi” ölkə tarixinin ən parlaq səhifələrindən biridir və müstəqil Azərbaycanın tərəqqisi bu məşhur müqavilə ilə başlanıb.
2017-ci ilin sentyabr ayında bu saziş əsrin ortalarınadək uzadıldı. “Əsrin müqaviləsi”ylə bağlı bəzi faktlara nəzər salaq:
1997-ci ilin noyabr ayında ilk hasilat başlanandan 2019-cu ilin ikinci rübünün sonunadək AÇG-dən 488 milyon ton (3.6 milyard bareldən artıq) neft hasil edilmişdir.
Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə təqribən 3.3 milyard barel ACG nefti dünya bazarlarına daşınmışdır.
2006-cı ildən bəri, ACG nefti ilə yüklənmiş 4,300 tanker Ceyhan terminalından yola salınmışdır.
Hasilatın başlanğıcından 2019-cu ilin ikinci rübünün sonunadək 44 milyard kubmetrdən artıq AÇG səmt qazı Azərbaycana təhvil verilmişdir.
AÇG layihəsinin əsaslı xərcləri 2019-cu ilin ikinci rübünün sonunadək 36 milyard dollar təşkil etmişdir.
1994-cü ildə AÇG layihəsi başlanandan 2019-cu ilin ikinci rübünün sonunadək BP və onun layihədəki tərəfdaşları Azərbaycanda sosial layihələrə 84 milyon dollar xərcləmişlər.
2017-ci il sentyabr ayının 14-də AÇG sazişi 2049-cu ilin sonunadək uzadılmışdır.
Müqavilənin uzadılmasının ardınca, 2019-cu il aprel ayının 19-da AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni layihəyə – Azəri-Mərkəzi-Şərqi (ACE) layihəsinə sanksiya verildi. Bu layihə hazırda tikinti mərhələsindədir və layihədən ilk neft 2023-cü ildə gözlənilir.
AÇG layihəsi çərçivəsində bir platforma - Çıraq platforması, yenidən qurulmuş, yeddi təzə platforma tikilmiş, dünyanın ən böyük neft və qaz terminallarından biri inşa edilmiş, Xəzər dənizinin dibində mürəkkəb sualtı boru xətləri şəbəkəsi yaradılmışdır.
2019-cu ilin ikinci rübünün sonunda AÇG-də 124 hasilat quyusu, 44 suvurma və 7 qaz injektor quyusu vardı.
AÇG-nin çox yüksək texniki təhlükəsizlik nailiyyətləri var, ətraf mühitə məsuliyyətlə yanaşan bir layihə kimi AÇG çərçivəsində 140 Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi və 266 dəniz, quru və sahilyanı ərazilər üzrə monitorinq tədqiqatları aparılmışdır.
"Azəri-Çıraq-Günəşli yatağına həmin dövrdə 30 il üçün 36 milyard ABŞ dolları məbləğində sərmayə qoyuldu. Azərbaycan Prezidentinin uzaqgörən neft-qaz siyasəti nəticəsində bu müqavilə 2017-ci ildə daha 32 il müddətinə uzadıldı. Müqaviləyə daha 40 milyard dollar investisiya qoyulacaq. İndiyədək "Əsrin müqaviləsi” ölkəmizə 143 milyard dollardan çox gəlir gətirib. Bu müddət ərzində 492 milyard kubmetr qaz hasil edilib. Ümumilikdə, Azərbaycanın neft-qaz sənayesinə, orta hesabla, 101 milyard dollar investisiya qoyulub”.
Ən az, 62 illik dövrü əhatə edəcək "Əsrin müqaviləsi”nin unikallığı onun effektivliyində, uzun illər üçün nəzərdə tutulmasındadır.
İndi bir çoxlarını bir sual daha çox maraqlandırır: “Əsrin müqaviləsi” başa çatdıqdan sonra nə olacaq?”.
Bu suala qocaman neftçi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezident Xoşbəxt Yusifzadə belə cavab vermişdi:
“Bu sual həm bizi, həm də xarici tərəfdaşlarımızı düşündürürdü. Qarşımızda bir neçə variant var idi. Birinci variant BP şirkətinin operatorluq etdiyi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə əməkdaşlığı davam etdirmək idi. İkinci fikir o idi ki, bəlkə biz başqa xarici şirkətlərlə əməkdaşlığa gedək, onlarla müqavilə bağlayaq.
Üçüncüsü də o idi ki, 2024-cü ildən sonra AÇG-ni özümüz işlədək. Bu variantların hər biri dönə-dönə təhlil edildi. Sonda biz BP şirkəti və onun tərəfdaşları ilə işin təklif etdiyimiz kommersiya şərtləri əsasında davam etdirilməsini üstün tutduq. Ona görə ki, 1994-cü ildən AÇG-də işləyən BP və onun tərəfdaşları bu yataqlara, onların xüsusiyyətlərinə dərindən bələd olmuşdular. BP ilə məsləhətləşmələr, danışıqlar aparıldı. Onlar da əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını bildirdilər.
Danışıqlarımız 2017-ci il sentyabrın 14-də Bakıdakı Heydər Əliyev Mərkəzində “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş müqavilənin imzalanması ilə nəticələndi. Bu kontrakt “Əsrin müqaviləsi”nin ömrünü 2050-ci ilə qədər uzatdı. Yeni müqavilədə Azərbaycan üçün olduqca sərfəli şərtlər müəyyən edilib.
Bu barədə artıq hər kəs məlumatlıdır. “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, 1999-cu ilin iyununda ehtiyatları bu günə 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi tanıtdırdı”.
Yazının başlığını isə nahaq yerə elə seçmədik: Hə, gün var, əsrə bərabər. Bəlkə də, əsrlərə...
Səbuhi Məmmədli