Fəzail Ağamalı:“ Əsrin müqavilə”si imzalanmaqla ölkəmiz ilk növbədə suverenliyinin və müstəqilliyinin təminatını aldı”
20 sentyabr 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi” imzalanıb. Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi rəsmiləşdirilib.
Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı”nın imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşmasında müstəsna rol oynayıb. Yalnız xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.
1994-cü il sentyabrın 20-də Bakıda Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. “Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
“Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmiz yeni inkişaf erasına daxil oldu. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən neft strategiyası ölkəmizi lider ölkələr səviyyəsinə yüksəltdi. Azərbaycanın neft ehtiyatlarının dünya bazarına çıxarılması ilə bağlı məsələlər həll edildikdən və 2006-cı ildə Bakı Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildikdən sonra, böyük Azərbaycan qazının Avropa qitəsinə nəqli ciddi müzakirə mövzusuna çevrilib.
Bu layihələr sayəsində Azərbaycanın regionda və Avropada əhəmiyyəti artdı. Azərbaycan Avropanın və dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan ciddi beynəlxalq tərəfdaşdır. Neft müqavilələrindən əldə edilən gəlir Azərbaycanın simasını büsbütün dəyişib. Əldə edilmiş gəlir sosial layihələrə, elm, təhsil, mədəniyyətin inkişafına yönəldilmiş qara qızıl “insan kapitalı” naminə istifadə edilib. Bir sözlə, əsrin müqaviləsi ilə qoyulan təməl Azərbaycanın firavan gələcəyini təmin etdi.
“Əsrin müqavilə”sinin Azərbaycan dövlətçiliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən millət vəkili Fəzail Ağamalı “Sherg.az”a söyləyib ki, müqavilə bu gün də öz əhəmiyyətini qoruyur.
Deputat qeyd edib ki, həmin dövrdə Ermənistanla müharibə gedirdi:
“Düşmənin arxasında duran güc mərkəzləri Azərbaycanı Ermənistanın əli ilə zəiflətmək istəyirdilər. Beləliklə düşmən taqətdən düşmüş Azərbaycanın təbii sərvətlərini daşıyıb aparmaq niyyəti güdürdü. Azərbaycan tək Ermənistana qarşı yox, eyni zamanda onların arxasında duran güc mərkəzləri ilə savaşda idi. Bütün bunlar ulu öndər Heydər Əliyevə bəlli idi.
O yüksək bacarığı ilə Azərbaycanın karbohidrogen ehtiyatlarının istehsalı üçün bütün imkanlardan istifadə etdi. Bu müqavilənin imzalanmasına mane olmaq üçün Azərbaycanın iki dövlət xadimi güllələndi. Bunlara baxmayaraq Heydər Əliyevin iradəsini qırmaq mümkün olmadı. O müəyyənləşdirdiyi hədəfə daha cəsarətlə addım atdı. “Əsrin müqavilə”si imzalanmaqla ölkəmiz ilk növbədə suverenliyinin və müstəqilliyinin təminatını aldı. Çünki bağlanmış müqavilə Azərbaycanda ancaq sabitliyin hökm sürdüyü dövrdə həyata keçirilə bilərdi”.
Parlament üzvü vurğulayıb ki, “Əsrin müqavilə”si Azərbaycan iqtisadiyyatını yenidən qurmaq və gücləndirmək üçün imkanlar yaratdı:
“Ölkəmizə külli miqdarda valyuta gəldi. Bu valyuta vasitəsi ilə Azərbaycanın iqtisadi durumu gücləndi. Azərbaycan öz sözünün sahibi və etibarlı tərəfdaş kimi dünya miqyasında tanındı. Beləliklə, ölkəmizə investisiya axını sürətləndi. Əslində bu bir sınaq idi. Dövlətimiz bu sınaqdan uğurla çıxdı. “Əsrin müqavilə”si imzalanandan sonra Azərbaycanın neft sənayesi daha da inkişaf etdi. Azərbaycan yalnız neft deyil, təbii qaz ölkəsi kimi yeni layihələrə imza atdı. “Cənub Qaz Dəhlizi” deyilən layihə artıq reallaşmaqdadır. Bütün bunlar öz gücünü “Əsrin müqavilə”sindən alır”.
Deputatın sözlərinə görə, “Əsrin müqavilə”si ümummili lider Heydər Əliyevin həyata keçirdiyi unikal layihə idi:
“Əslində bu layihə Azərbaycan dövlətçiliyinə xidmət edirdi. Müqavilənin reallaşmasında ölkə başçısı İlham Əliyevin də müstəsna xidmətləri olub. Layihənin hazırlanması dövründə Azərbaycan işçi qrupunun rəhbəri kimi çox gərgin və səmərəli iş apardı. “Əsrin müqaviləsi”nin bağlanmasında 25 il ötür. Bu münasibətlər layihənin reallaşmasında rolu olan cənab Prezidenti, bütün neftçilərimizi və müxtəlif neft şirkəti əməkdaşlarını səmimi qəlbdən təbrik edirəm”.