Prezident: “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik”



“Yollar bərbad vəziyyətdə idi. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, bu gün Azərbaycan yolları keyfiyyətinə görə dünya miqyasında 34-cü yerdədir. İçməli su böyük problem idi. Bu gün əhalinin 75 faizi dayanıqlı içməli su ilə təmin edilir və bu proses davam etdirilir”.

APA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdəki çıxış zamanı bildirib.

Neft Fondunun gəlirlərindən söz açan ölkə başçısı qeyd edib ki, bu vəsaitlər məhz “Əsrin kontraktı” hesabına ərsəyə gəlib: “Məcburi köçkünlər üçün yüzdən çox şəhərcik salındı. Çadır şəhərciklərini biz hələ 2007-ci ildə ləğv etdik. Nəyin hesabına? Neft Fondunun hesabına. Neft Fonduna vəsait haradan gəlir? “Əsrin kontraktı”nın icrasından. Biz yüz minlərlə köçkünə yeni evlər verdik, yeni mənzillər təqdim etdik. Şəhid ailələrinə, müharibə veteranlarına edilən güzəştlər, verilən müavinətlər, mənzillər, minik avtomobilləri. Yəni, “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik. Neft Fondunun gəlirlərindən yalnız büdcə çərçivəsində istifadə etmək mümkündür. Yəni, Azərbaycan vətəndaşları Milli Məclisdə öz təmsilçiləri vasitəsilə bu vəsaitin bölgüsündə iştirak edirlər”.

Sosial infrastrukturun tamamilə yenidən qurulduğunu söyləyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikildi və təmir olundu, idman qurğuları inşa edildi: “Azərbaycan kosmik dövlətə çevrildi. Bizim 3 peykimiz var. Biz gəlirlərdən istifadə edərək dövlət borcumuzu aşağı səviyyədə saxlayırıq. Bu, ümumi daxili məhsulun cəmi 19 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfə artıqdır. Bu, hansı ölkələrdə ola bilər? Var, amma bu ölkələrin sayı o qədər də çox deyil”.

Dövlət başçısı vurğulayıb ki, bundan sonra da neftin satışından əldə ediləcək gəlirlər, ilk növbədə, sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək ki, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edilsin.