Ekspert deputatla razılaşmadı: "Əgər məhsul varsa, reklamı normal haldır"

Millət vəkili Musa Quliyev energetik içkilərin reklamının qadağan olunmasını istəyir.

Deputat Milli Məclisdə təklif verib ki, energetik içkilərin insan sağlamlığına zərərlərini nəzərə alaraq, bunun reklamı yığışdırılmalıdır. 

Deputatın bu fikirləri ilə iqtisadçı ekspert Fuad İbrahimov razı deyil. 

O, Sherg.az-a deyib ki, hər bir ölkənin iqtisadiyatını formalaşdıran amillər var: 

"İqtisadiyyatların formalaşmasında xüsusi  çəkisi olan istehsal sahələri mövcuddur. Bunlardan biri də spirtli və enerji içkiləridir. Əgər istehsal edilirsə, bunun reklamı da olmalıdır. Bütün sivil ölkələrdə məhsulun reklamı normaldır. Təbii ki, qanun çərçivəsində reklamda problem yoxdur. İstənilən məhsulu qanuna uyğun olaraq təbliğ etmək sərbəstdir. Enerji içkiləri də nəticədə bir məhsul növüdür. O başqa məsələdir ki, bu həmin içkilərin insan orqanizminə zərəri nə qədərdir, sağlamlığa ziyanı varmı. Əgər zərərlidirsə, o zaman istehsalına icazə verilməsin. İsthesal varsa və ya xaricdən gətirilirsə, bunun reklam edilməsinə qadağa məntiqsiz olardı. Bu səbəbdən də deputatın təklifini düzgün saymıram". 

Lamiyə