Bu qərar iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək
Bəzi dövlətlərin hökumətlərinin riyakarlığına baxmayaraq, COP29 uğurla başa çatdı. Bakıda baş tutan tədbir COP tarixində ilk dəfə olaraq dünyadakı bəzi dövlətlərin riyakar siyasətini tam çılpaqlığı ilə ifşa etdi. Bu da təsadüfi deyil. Çünki Qərbin, xüsusilə Kanada, Fransa, Avropa İttifaqının (Aİ) tutduğu mövqe uzun illərdir ki, qlobal çağırışların həll edilməsinə ən böyük maneədir. COP29 onları ifşa etdi və planetin aparıcı dövlətlərinin destruktiv siyasətini bir daha hər kəsə sübut etdi. Məlumdur ki, qlobal istiləşməyə qarşı mübarizə, dünyanın ekoloji böhrandan çıxmasının zəruriliyi mövzusu bəşəriyyəti narahat edən bir nömrəli məsələdir. Bunun həlli yolu isə aydındır. İnkişaf etmiş ölkələr tərəfindən dünyanın böhrandan çıxarılması və yaşıl iqtisadiyyata qədəm qoyması üçün müvafiq vəsaitin ayrılması. 2015-ci il Paris Sazişində BMT-də danışıqlar aparan ölkələrə 2025-ci ilə qədər yeni saziş hazırlamaq vəzifəsi qoyulmuşdu. Hələ 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) qəbul edilmişdi və artıq o dövrdə inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan dövlətlərə razılaşdırılmış tam xərcləri ödəmək üçün yeni və əlavə maliyyə resursları ayırmaları tələb olunurdu. İllərdir Dünya Bankı kimi təşkilatlar milyardlarla dollar yardımın trilyonlarla əlavə investisiyaya təkan verdiyi “milyardlardan trilyonlara” tezisini irəli sürmüşdülər.
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov "Sherg.az"a deyib ki, 2009-cu ildə inkişaf etmiş ölkələr 2020-ci ilə qədər ildə 100 milyard dollar "səfərbərlik" etmək barədə razılığa gəliblər. Ekspertin sözlərinə görə, həmin rəqəm inkişaf etməkdə olan ölkələrin ehtiyaclarının böyük bir hissəsini ödəməsə də, razılıq bundan ibarət idi:
"Sonradan trilyon dollardan danışılsa da, indiyədək hətta 100 milyard dollarlıq vəsait belə inkişaf etmiş dövlətlərin bir çoxu tərəfindən xəsisliklə qarşılanıb. Nümunə üçün, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) görə, onlar 2020-ci ildə cəmi 83,3 milyard dollar toplamışdılar. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) son hesabatı belə nəticəyə gəlir ki, inkişaf etməkdə olan ölkələrə iqlimlə bağlı sərmayələr 2030-cu ilə qədər dörd-səkkiz dəfə artmalı və ildə təqribən 2-3 trilyon dollara çatmalıdır. Təəssüflər olsun ki, Paris danışıqlarından bu tərəfə bütün COP tədbirlərində maliyyə yardımın ayrılması ilə bağlı iştirakçı ölkələr arasında yekun məxrəcə gəlmək mümkün olmur. Daha doğrusu, Qərbin bəzi aktorlarının destruktiv fəaliyyəti ucbatından qlobal güclər üçün böyük rəqəm sayılmayacaq vəsaitin inkişafda olan və geridə qalmış dövlətlərə ayrılması mümkün olmayıb. Bu dəfə də COP29 ərəfəsində və tədbirlər zamanı bəzi iştirakçı dövlətlərin tutduğu mövqe qlobal çağırışlarla bağlı onların məsuliyyətsiz və riyakar olduğunu göstərdi. Xüsusən rəsmi Parisin atdığı addımlar XXI əsrdə hələ də neomüstəmləkəçi siyasət aparan dövlətin imicinə daha böyük bir zərbədir".
Z.Məmmədova görə, COP29-da bəşəriyyət qarşısında duran problemlərin həll edilməməsi üçün bəzi mərkəzlər tərəfindən əvvəlcədən sistematik iş aparılıb:
"Intelligence Online" kəşfiyyat agentliyinin məlumatına görə, Fransanın Havas lobbi təşkilatı COP29-u gözdən salmaq üçün müxtəlif istiqamətlərdə çoxgedişli addımlar atıb. Avropada aparılan kampaniya sammitin neft hasil edən ölkədə keçirilməsinin qəbuledilməz olduğu arqumentini işə salıb. Əlavə olaraq insan haqları, ermənilərin zorla köçürülməsi mövzularını gündəmə gətirərək müxtəlif ölkələrdən siyasətçiləri Bakıya getməmək üçün razılığa gətirməyə cəhdlər edib. Bundan başqa, Fransa prezidentinin nümayəndələri Aİ-nin daxili strukturlarına, Avropa ölkələrinin, fransızdilli Afrika ölkələrinin hökumətlərinə gizlicə müraciət edərək Bakıda keçirilən COP29 tədbirinin boykot edilməsi üçün çağırışlar ediblər. Emmanuel Makronla bərabər, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Avropa Parlamenti, AŞPA, “Global Witness”, “Human Rights Watch”, “Amnesty International” kimi beynəlxalq QHT-lər, “Washington Post”, NYT, “Economist”, “Politico”, BBC, “Fiqaro”, “Le Monde” və Qərbin digər mediaları ilboyu Azərbaycanı ləkələmək, qlobal problemlərin həllinə yönəlmiş konfransın işinə kölgə salmaq üçün əllərindən gələni etdilər. Almaniyanın XİN rəhbəri Annalena Berbok isə Bakıya gəlsə də, vaxtının böyük hissəsini müxalifətlə, siyasi fəallarla görüşlərə həsr etdi, yalnız son gün tədbirə qatılaraq qlobal ekoloji çağırışların onun üçün heç bir maraq kəsb etmədiyini təsdiqlədi".
Siyasi şərhçinin sözlərinə görə, bu dövlətlər üçün qlobal çağırışları həll etmək lazım deyil, əksinə daha da gərginləşdirmək əsas hədəfdir. Halbuki, COP ekoloji problemlərin həllini nəzərdə tutan dialoq platformasıdır və siyasi münasibətlərin bu tədbirlərə heç bir aidiyyəti olmamalıdır: "İnkişaf etmiş ölkələrin apardığı riyakar siyasət COP dəhlizlərində də etirazla qarşılanıb. COP29 çərçivəsində bir sıra ölkələri təmsil edən ekoloji fəallar iştirakçı ölkələrdən iqlim maliyyəsinin həcminin trilyonlarla dollara qədər artırılmasını tələb ediblər. Aksiyada "No deal, is better than bad deal!" (Razılaşmanın olmaması əlverişsiz razılıqdan daha yaxşıdır!), "Stop fossil fuel" və bir sıra digər şüarlar səsləndirilib. Aksiya iştirakçıları, eyni zamanda, iştirakçı ölkələri yekun razılığın əldə olunmasını gecikdirməməyə çağırıblar. Baş verənlər bir daha göstərir ki, həm Qərb, həm də bəzi Asiya dövlətləri ekoloji təmiz dünyaya keçid üçün pul ayırmaq istəmirlər və müxtəlif bəhanələrə əl ataraq öhdəliklərinin icrasından yayınırlar. Bütün bunlara baxmayaraq, Bakıda keçirilən COP29-da uzun müzakirələrdən sonra mühüm nəticələr əldə edildi. Belə ki, gecə saatlarında COP29-un yekun plenar iclasında 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar ayırmaq öhdəliyi də daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizə üzrə sazişin yekun variantı təsdiq edildi. Bu, əvvəlki 100 milyard dollarlıq hədəfdən əhəmiyyətli dərəcədə çoxdur. Zal razılaşmanın elanını alqışlarla qarşıladı. Danışıqlar gərgin atmosferdə keçdi və son ana qədər konsensusun əldə olunmasının mümkün olub-olmayacağı bəlli deyildi. Bir sıra ölkələr maliyyələşdirmənin daha da artırılmasına israr edirdilər, lakin sonda öhdəliyin 300 milyard dollar səviyyəsində müəyyən edilməsi qərara alındı ki, bu da iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm addım sayıla bilər".