“Türkləri bir-birindən ayırmaq üçün üçün bütün yollar sınaqdan keçirildi. Kimliyini müdafiə edən, dəyərlərini qoruyanlar turançılıqda ittiham olunaraq ya sürgün edildilər, ya da darağaclarının qurbanı oldular. Türk dünyasının varlığından danışmaq təkcə sərhədlərimizdən kənarda deyil, 1940-cı illərin təkpartiyalı (CHP) dövründə də qadağan edilmişdi”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Təkpartiyalı dövrdə Türkiyədən kənarda da türklərin olduğunu demək cinayət sayılır, işgəncə görmək mənasına gəlirdi. Boraltan faciəsi CHP-nin Türkiyə tarixinə düşmüş qara ləkəsidir. Boraltan faciəsi həm millətimiz, həm də Azərbaycan türkləri üçün sağalması uzun illər çəkən dərin yaralar açıb. CHP bu gün də Türk dünyasına hələ də çəp baxmağı davam etdirir”, - o bildirib.
Rəcəb Tayyib Ərdoğan sözlərini belə davam etdirib:
“Qarabağda 44 gün davam edən vətən müharibəsində bunu bir daha gördük. Türkiyəni Azərbaycana dəstək verməkdə ittiham etdilər. CHP-nin xarici siyasətini yönəldən şəxs ortaya çıxıb danışdı. Necə ki, 1945-ci ildə Boraltan faciəsində olmuşdu, Qarabağın azadlıq mübarizəsində də millətimizi məyus etdilər, utandırdılar”.