Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti daha 90 gün uzadılır

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi hərbi səfərbərliyin müddətinin daha 90 gün uzadılmasını nəzərdə tutan qanun layihələrini Ali Radaya təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə məlumat Ukrayna parlamentinin saytında yerləşdirilib.

Sənədlərə əsasən, hərbi vəziyyət və səfərbərlik rejiminin mayın 4-dən etibarən növbəti 3 ay müddətinə qüvvədə qalması təklif olunur. Qanun layihələri müzakirə olunmaq üçün müvafiq komitəyə təqdim edilib, bundan sonra deputatların səsverməsinə çıxarılacaq.

Xatırladaq ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 2022-ci il fevralın 24-də tətbiq olunub. Bu, sözügedən rejimlərin sayca 11-ci uzadılması olacaq.

Hərbi vəziyyətin tətbiqi ilə əlaqədar ölkədə parlament, prezident və yerli seçkilərin keçirilməsi dayandırılıb. Volodimir Zelenskinin səlahiyyət müddəti rəsmi olaraq 2024-cü il mayın 20-də başa çatıb.