İslahatlar iqtisadiyyat xətrinə aparılmır: Əsas məqsəd insanların rifahının yüksəlməsidir

Azərbaycan Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil olub. Bütün sahələrdə qazanılan uğurlar öz növbəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir.

Azərbaycanın ən islahatçı 20 ölkə sırasına daxil edilməsi, məhz ölkədə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. 

Hesabatla bağlı Sherg.az-a danışan millət vəkili Rüfət Quliyev bildirdi ki, son 3 ildə aparılan islahatlar nəticəsində iqtisadiyyatımızda baş verən dəyişikliklər özünü  göstərir. 

Deputat qeyd edib ki, Azərbaycanın ən islahatçı 20 ölkə sırasına daxil olması ölkəmizdə mühüm islahatlar getdiyindən xəbər verir:

“Ümumiyyətlə, hər bir islahatın müəyyən vaxtı var. İslahat nə qədər mühümdürsə, cəmiyyət, sahibkarlar və dövlət onun bəhərəsini tədricən görəcək. Cənab Prezident dəfələrlə qeyd edib ki, aparılan islahatlar son deyil, daha da dərinləşəcək. İqtisadiyyatımız diversifikasiya olunmalıdır. Müəyyən hədəflər qoyulub, inanıram ki, ölkəmiz daha da böyük uğurlara imza atacaq. Bu, yalnız Azərbaycan ekspertlərinin deyil, dünya ekspertlərinin fikridir. 



Bu yaxınlarda Beynəxalq Valyuta Fondu da müsbət proqnozlar yayıb və Azərbaycanda görülən işlərlə bağlı kifayət qədər yaxşı fikirlər söylənilib. İslahatlar iqtisadiyyat xətrinə aparılmır. Əsas məqsəd insanların rifahının yüksəlməsinə xidmət etməkdir. Sahibkarların daha da aktiv olması lazımdır. Sahibkarlar çox çalışmalı və işlərini daha yaxşı, şəffaf qurmalıdırlar. Təbii ki, hansısa problemlə üzləşəndə dövlət qurumuna müraciət etməlidirlər. Bizdə iqtisadi blok qurumlarının hər birinin "qaynar xətt"i var. Həqiqətən də Azərbaycanda iqtisadi sahədə müsbət dəyişikliklər gedir. Bu dəyişikliklər get-gedə artacaq”.