Deputat: "Sosial siyasətin təməl prinsipində güclü iqtisadiyyat dayanır"

Ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində vətəndaş amili dayanır. Son illər cənab Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlara diqqət yetirsək, onların əksəriyyətinin sosial xarakterli olduğunu görərik. Atılan bütün addımlar əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin etibarlı şəkildə təmin edilməsinə istiqamətlənib.

Şəhid ailələrinə diqqət və qayğı prezidentin xüsusi nəzarətindədir. Həmçinin əmək haqlarının, pensiyaların, tələbələrə verilən təqaüdlərin qalxması sosial layihələrdən biridir. Ümumiyyətlə, hər zaman ölkə başçısı sosial qayğıya ehtiyacı olan vətəndaşlarımıza həssaslıqla yanaşıb. Bütün bunlar ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir.

Məsələ ilə bağlı Sherg.az-a danışan millət vəkili Elman Məmmədov bildirib ki, əhalinin sosial rifahının yaxşılaşdırılması hər zaman Prezidentin diqqət mərkəzində olub:

“Ölkə başçısı vətəndaş amilinə xüsusi önəm verir. Cəmiyyətin bütün təbəqəsinin daim diqqət mərkəzində oluduğunun şahidi oluruq. Ölkəmizdə əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir: "Azərbaycanın sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Sosial siyasətin təməl prinsipində güclü iqtisadiyyat dayanır.

Dövlət başçımız müvafiq qurumlara ciddi tapşırıqları verir və onların qarşısında tələblər qoyur, işlərin icrasına nəzarət edir. Əgər neqativ hallar varsa, ölkə başçısı buna qarşı da tədbirlər görür. Ona görə də həmin kateqoriyadan olan insanlar hər zaman Ali Baş Komandanımıza öz minnətdarlığını bildirirlər”.