Millət vəkili: "Müasir texnologiyalardan istifadə sosial-iqtisadi inkişafımızda yeni mərhələ olacaq"

Azərbaycanda invrstorlara yaradılan maneəsiz şərait bir sıra beynəlxalq şirkətlərin marağına səbəb olduğundan ölkəmizlə əməkdaşlığa can atırlar

Xəbər verdiyimiz kimi “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib. 

Qeyd edək ki, 1891- ci ildə yaradılan “Signify” dünyanın məşhur şirkətlərindən biridir.  74 ölkədə fəaliyyət göstərən bu şirkət 140 ölkədə xidmət və məhsul satışı həyata keçirir.   “Signify” işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olmaqla yanaşı, 10 “yaşıl” şirkətdən biridir. 

Sözügedən videokonfransı Sherg.az-a şərh edən millət vəkili Azər Badamovun sözlərinə görə, Azərbaycanda invrstorlara yaradılan maneəsiz şərait bir sıra beynəlxalq şirkətlərin marağına səbəb olduğundan ölkəmizlə əməkdaşlığa can atırlar.

Deputat deyib ki, dünyanın aparıcı və böyük şirkətlərindən biri olan "Signify" kimi şirkətinin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizin nüfuzu, əlverişli biznes və sərmaye mühitinin yaradılması, həmçinin aparılan genişmiqyaslı islahatların nəticəsidir:

"Bu videokonfrans zamanı dövlət başçımız vurğulayıb ki, məqsədimiz müasir və yüksək texnologiyaların tətbiq olunduğu ölkə yaratmaqdır. Ölkə başçısının bir neçə gün öncə "CISCO" şirkətinin rəhbərliyi ilə videokonfransı zamanı da eyni məsələlər müzakirə olunub. Bundan əlavə, Prezident İlham Əliyev Davos İqtisadi Forumuna səfərləri zamanı da dünyanın aparıcı texnoloji şirkətlərin rəhbərləri ilə görüşlər keçirir və çalışır ki, Azərbaycan müasir texnologiyalar və innovasiyaların tətbiqi baxımından öndə gedən ölkə olsun".

 Millət vəkilinin sözlərinə görə,  "Ağıllı şəhər" layihəsində "Signify" şirkətinin işıqlandırma sistemlərindən istifadə etməklə daha çox qənaət əldə etmək mümkündür. Bu texnologiyaları tətbiq etmək bizə çoxlu enerjiyə, yerin təkindən hasil edilən yanacağa digər məqsədlər, həmçinin ixrac üçün qənaət etməyə və şəhər həyatını daha da yaxşılaşdırmağa imkan yaradacaq:

"Bakı, Sumqayıt və regionlarda yerləşən yaşayış məntəqlərində işıqlandırılma sistemlərinin müasirəlşdirilməsi və kənd təsərrüfatının elektronlaşdırılmasında bu şirkətin məhsullarından istifadə olunması imkanları daha da genişləndirir. Bundan sonra müasir texnologiyalardan istifadə sosial-iqtisadi inkişafımızda yeni mərhələ olacaq".  

Azərbaycanın yeni texnologiyalara və innovasiyalara açıq olduğunu vurğulayan  deputat belə deyib: "Dünyanın aparıcı texnoloji şirkətləri ilə əməkdaşlıq etməklə biz öz gənc mütəxəssis potensialımızdan istifadə edərək yeni intellekt məhsulları ortaya çıxardırıq və nəticədə onları "Made in Azerbaycan" brendi altında ixrac etmək mərhələsindəyik. Postpandemiya dövründə hansı ölkələr daha çox yeni texnologiyalara önəm verirsə, o ölkələr inkişafda bir addım öndə olacaqlar".