Qiyməti qalxmamalıydı

Çörək Azərbaycan xalqı üçün Qarabağın Şuşası dəyərindədir

Strateji məhsulların qiyməti ilə bağlı hökumət müdaxilə etməlidir

Subsidiyaların ödənməsi bərpa edilməlidir, bu, dövlət büdcəsi üçün böyük rəqəm olmayacaq

“Çörək neçəyədi?”, “Çörəyi neçəyə aldınız?”. Hazırda hamının cavab axtardığı məhz bu suallardır. Cavab var. Yetər ki, mağazaya, marketə daxil olub, çörəyə əl uzadasan. Amma suallar çörəyin müxtəlif qiymətlərə satışa çıxarılmasından qaynaqlanır. Çəkidə fərqlilik qiymətdə özünü göstərir. Ən əsas sualsa, “niyə?”dir:  çörəyin qiyməti niyə qalxdı? Mütəxəssislər, iqtisadçılar müxtəlif cavablar verir. Millət vəkilləri də müzakirələrə qoşulub. Əvvəlcə, İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin açıqlamasına baxaq.

 Sözügedən qurum un və çörək istehsalçıları ilə qiymətin maksimal yuxarı həddi müəyyənləşdirildiyinə dair dünən açıqlama yaydı. Açıqlamada bildirilir ki, son dövrdə dünyada baş verən iqtisadi proseslərin və COVİD-19 pandemiyasının təsirləri, 2021-ci il ərzində dünya bazarlarında ərzaqlıq buğdaya tələbin artması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə həyata keçirdiyi müxtəlif proteksionist tədbirlər fonunda ərzaqlıq buğdanın qiyməti kəskin artıb. Əlavə olaraq, ən böyük ərzaqlıq buğda istehsalçılarından biri və Azərbaycana ixrac edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiya Federasiyasının 2021-ci ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməsi səbəbindən ölkəmizə idxal olunan ərzaqlıq buğdanın qiymətində 2019-cu illə müqayisədə təxminən 58 faiz bahalaşma baş verib. 

Vurğulamaq vacibdir ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. 2021-ci il ərzində ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədi ilə hökumət tərəfindən ayrılan böyük həcmdə subsidiyalar hesabına buğda və unun qiymətlərinin real qiymətlərdən aşağı saxlanılması təmin olunub. 

Təbii olaraq, subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə liberal iqtisadi tələblərə zidd olaraq qeyri-real səviyyədə saxlanılması mümkün deyildir. Nəticədə cari ilin əvvəlindən etibarən ərzaqlıq buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən unun qiyməti ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğunlaşdırılıb. Satış bazarında qiymət manipulyasiyalarına yol verilməməsi məqsədi ilə preventiv tədbir olaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bir sıra iri ərzaqlıq buğda idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə müzakirələr aparıb və prosesin nəzarətdə saxlanılması təmin edilib. 

İdxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda bu məhsula real qiymət formalaşıb, un və çörək istehsalçıları ilə qiymətin maksimal yuxarı həddi müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpik. Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirir. İlk günlərin monitorinqlərinin nəticələrinə əsasən, unun topdansatış qiyməti 35,4- 35,9 manat arasında dəyişir. Hazırda Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, iş vaxtları və topdansatış qiymətlərinə dair mütəmadi şəkildə yenilənəcək məlumat bazası hazırlayır və bu gün ərzində ictimaiyyətə açıqlanacaqdır. İstehlakçılar un və çörək bazarında qiymət manipulyasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət edə bilər: əlaqə telefonu: (+99412)-599-76-00.

İqtisadiyyat naziri Mikayıl Cabbarov da un və çörəyin bahalaşmasıyla bağlı açıqlama verib. Nazir deyib ki, gələcəkdə qiymət artımlarının təsirinin minimallaşdırılmasının yeganə yolu ölkə daxilində ərzaq məhsullarının istehsalının tam dəyər zəncirini formalaşdırmaq, 100 faizlik lokalizasiyaya nail olmaqdır. Onun sözlərinə görə, idxal komponentlərindən asılı olan məhsullar üzrə idxalı əvəz edəcək istehsal sahələrinin yaradılması üçün əlverişli imkanlar mövcuddur: "Bu istiqamətdə kiçik və orta biznesin inkişafına dövlət dəstəyi mexanizminin səmərəsinin artırılması bu cür sahibkarlıq subyektlərinin, xüsusilə gənc sahibkarların məşğulluqda iştirak payının daha da yüksəldilməsinə gətirəcək. 

Hökumətin qarşıdakı dövrdə də əsas hədəflərindən biri yüksək əlavə dəyər yaradan emal sənayesinin sürətli inkişafıdır. Regionların spesifikası nəzərə alınmaqla, məhsul istehsalı və emalı üzrə ixtisaslaşmanın dərinləşdirilməsi hədəflənib. Regionlarda işləməyən və ya zərərlə işləyən istehsal müəssisələrinin yenidən qurulması, sağlamlaşdırılması və özəlləşdirilməsinin sürətləndirilməsi nəzərdə tutulur. Bütövlükdə, yüksək əlavə dəyər yaradan məhsul istehsalı və xidmət sahələrinin inkişaf etdirilməsi üçün investisiya təşviqi mexanizmlərindən geniş istifadə ediləcəkdir". 

Nazir bildirib ki, Azərbaycan hökuməti qiymət artımlarının təsirlərini minimuma endirmək üçün bütün müvafiq addımları atır və 2022-ci ilin dövlət büdcəsi əhalinin gəlirlərinin artırılması komponentini nəzərə almaqla formalaşdırılıb: "Hesab edirik ki, bu, qiymət artımlarını qarşılamaq üçün müəyyən dəstək olacaq. Müsbət məqam ondan ibarətdir ki, beynəlxalq təşkilatların 2022-ci il üzrə əmtəə və ərzaq qiymətləri indeksinə dair proqnozlarında 2021-ci illə müqayisədə nisbətən azalma, əsas ticarət tərəfdaşı olan ölkələrdə istehlak qiymətləri indeksinin 2021-ci illə müqayisədə qismən aşağı proqnozları mövcuddur".
Açıqlamalar öz yerində. Reallıq isə budur ki, hazırda əhali 500 qramlıq çörəyi 50 qəpiyə alır. Hansı ki, 2 gün əvvələdək çəkisi 600 qramdan artıq olan adi zavod çörəyi (“Binə”, “Bakıxanov”, “Nur” və sair) 50 qəpik idi. Deməli, çörəyin qiymətində  əsaslı artım baş verib artıq. Hökumət isə hansısa addımlar atmağı düşünür. Qeyd edilən addımlar, görüləcək tədbirlər, idxaldan asılılığı azaltmaq, taxıl istehsalını artırmaq, filan... bunlar perspektiv planlardır. Nə vaxt reallaşacaq, dəqiq bilinmir. Bəs bu gün, əhalinin çörəyə olan tələbatını onun aylıq gəlirlərinə uyğunlaşdırmaq üçün hansı tədbir görülməlidir?  Və ümumiyyətlə, bu vəziyyətdən təcili çıxış yolu varmı? 

İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında çörəyi obrazlaşdıraraq “Qarabağın Şuşası” adlandırdı:

- Hamımız bilirik ki, Azərbaycan xalqı üçün çörək Vətən qədər müqəddəsdir. Hətta belə ifadə də var ki, çörək Qurandan irəlidir. Xalqımız  çörəyi həmişə müqəddəs nemət bilib, yerə düşən çörəyi qaldırıb öpüb gözünün üstünə qoymağı demək olar, hər bir valideyn övladına tövsiyə edir. Tarix boyu da bu, belə olub. Çörək, Azərbaycan  xalqı üçün, obrazlı desəm, Qarabağın Şuşası dəyərindədir. Ən çox tələbat olan, hətta qida rasionunda ən əsas ərzaq da çörəkdir. Bu, inkaredilməz faktdır. Ailə var, 5-6 üzvdən ibarətdir. Gündəlik heç olmasa 5 çörək alırdı. İndi bu ailələrin vəziyyətini təsəvvür etmək çətin deyil, həm də maddi baxımdan çətin təsəvvür olunur. Çörəyin qiyməti indiki vaxtda qalxmamalıydı. Qonşu dövlətlərdəki vəziyyəti nəzərə almaq baxımından da çörəyin qiymətinin qalxması nə vaxta, nə zamana uyğun gəlir. Ətin, dizel yanacağının qiyməti qalxsın, lap işığın, qazın qiyməti qalxsın, belə ağrılı reaksiya olmur, amma çörəkdə qiymət artımına əhali ağrılı reaksiya verir. İndiki həssas məqamda çörəyin qiymətinin qalxması yaxşı hal deyil. 

İqtisadçı un və çörəkdəki qiymət artımı ilə bağlı hökumətin irəli sürdüyü səbəbləri təkrarlamaq niyyətində olmadığını dedi: 
- Səbəblər göstərilir, amma hesab edirəm ki, bu səbəblərin heç də hamısı əsaslı deyil. Bəli, dünya bazarında bahalaşma var. Amma məgər biz elə indi, bu saat dünya bazarındakı taxıl ixracatçılarından taxıl alırıq? Bəs bizim taxıl ehtiyatımız hardadı? Taxıl ehtiyatı olmalıydı axı. Azərbaycan indiyədək daxili istehsalını, ərzaqlıq buğda istehsalını təmin etsəydi, dünya bazarından asılılığı olmayacaqdı, idxal amili aradan qalxacaqdı. Ola bilsin, əkin üçün hansısa komponentlərin, dərmanlar və sair idxalına ehtiyac olsun, amma bu, ümumi məsələyə cüzi təsir göstərəcəkdi.  İdxaldan əhəmiyyətli dərəcədə asılı olduğumuza görə dünya bazarındakı qiymət artımı bizə təsir edir. İkinci məsələ, subsidiyaların dayandırılmasıdır. İndiki vaxtda buna gedilməməlidir. Subsidiyaların dayandırılmasını onunla əsaslandırmağa çalışırlar ki, Nazirlər Kabinetinin məlum qərarı qüvvədən düşüb. Tutalım qərarın vaxtı bitib, başa çatıb. Bunu yeniləmək bu qədərmi çətindir? 2022-ci il üçün də subsidiyaların verilməsinin davam etdiriləcəyinə dair qərar vermək olar. Dövlət ona görə subsidiya ayırır ki, sahibkar ziyana düşməsin. Deyək ki, dünya bazarında ərzaqlıq buğdanın qiymətinin qalxması ilə 650 qramlıq çörəyin maya dəyəri 60-65 qəpik olacaqsa, bunun 10-15 qəpiyini dövlət öz hesabına qarşılayır ki, qiymət artımı baş verməsin. Əhali 650 qramlıq çörəyi yenə də 50 qəpiyə ala bilsin. Amma sibsidiyalar dayandırıldığından istehsalçı məcburdur özü qiymət təyin etsin, o da maya dəyərinə uyğun qiymət təyin edir. Qiymət artımının qarşısının alınmasının bir yolu da budur ki, bazarda bolluq olsun. Sağlam rəqabət mühiti formalaşsın. Sahibkarlar bazara daha ucuz, fərqli qiymətlərlə məhsul çıxara bilsinlər. “Bazar iqtisadiyyatıdır”, deyib, yaxanı kənara çəkmək də düzgün deyil. Ümumiyyətlə, strateji məhsulların qiyməti ilə bağlı hökumət müdaxilə etməlidir. 

İqtisadçı çörəyin qiymətində ucuzlaşmaya nail olmaq üçün konkret təklif irəli sürdü:

- Subsidiyaların ödənməsi bərpa edilməlidir, bu, dövlət büdcəsi üçün böyük rəqəm olmayacaq. Bizim yerli istehsalımız da var axı. Az və ya çox, hər halda var. Onu nəzərə alsaq, yerdə qalan tələbat üçün də subsidiya verilsə, çörəyin qiymətini tənzimləmək mümkündür. Yerli istehsalçı məhsulunu niyə dünya bazarındakı qiymətə satmalıdır, anlamıram. 

Digər ərzaq məhsullarının qiymətindəki artımı dayandırmaq lazımdır. Çörəyin qiyməti qalxan kimi avtomatik qara çay, qənd, şəkər tozu, yumurta... bütün ərzaq məhsullarında qiymət artımı baş verir. Zəncirvari reaksiya gedir. Çörəyin, unun qiymətindəki artımın tomat pastasının qiymətinə nə aidiyyəti var? Digər məhsullar anbarlardan satışa çıxarılır. Anbarda toplanmış məhsulların qiymətində niyə artım baş verir? İqtisadiyyat Nazirliyi bu kimi hallara qarşı mübarizə aparmalıdır. 

İqtisadçı qeyd etdi ki, qiymət artımının əsas səbəblərindən biri bazarda “oyunçu” qıtlığıdır: - Bazarda nə qədər az “oyunçu” olursa, qiymətlər bir o qədər çox qalxır. 

Bazarda 1-2 oyunçu var, öz aralarında razılığa gəlirlər ki, filan məhsulu bu qiymətdən aşağı satmayaq. Sahələri də öz aralarında  bölüşdürürlər. Buna iqtisadiyyatda birinci dərəcəli diskriminasiya deyilir. Hesab edirəm ki, hökumət ciddi tədbir görməlidir.