2025-ci ildə manatın nominal effektiv məzənnəsi 8.2% möhkəmlənəcək.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, manatın möhkənlənməsi inflyasiyaya 2.2 faiz bəndi azaldıcı təsir edəcək.
Xatırladaq ki, 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.5%, 2026-cı ildə 3.8% ətrafında olacağı gözlənilir.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, manatın möhkəmlənməsi qiymətlərin ucuzlaşmasına və manatın alıcılıq qabiliyyətinin yüksəlməsinə səbəb ola bilər:
“Manatın möhkəmlənməsinin əsas faktorlarından biri də neftin qiymətinin sabit qalmasıdır. Yəni 2025-ci il üzrə proqnozlara uyğun olaraq neftin qiyməti gözlənilən səviyyədə qalsa, Azərbaycan manatı möhkəmlənəcək. Çünki Azərbaycan əsasən neft və qaz ixrac edən ölkədir, əsas gəlirlərimiz də məhz neft və qaz gəlirləri hesabına formalaşır. Bu baxımdan da qiymətlərin sabit qalacağı təqdirdə Azərbaycan manatının möhkəmlənmə ehtimalı çoxdur. Nəticə etibarilə iqtisadiyyatın böyüməsi prosesi davam edəcək. İqtisadiyyatın böyüməsi nəticəsində isə ölkədə həm manatın möhkəmlənməsi, həm manatın alıcılıq qabiliyyətinin artması, həm də manatla bağlı xarici valyutaların məzənnələri arasındakı sabitlikdə qorunub saxlanacaq. Ümumiyyətlə biz idxal məhsullarınını xarici valyuta ilə idxal edirik və onlarda daxili bazarda ekvivalent olaraq manata çevrilir. Bu mənada manatın sabit qalması və möhkəmlənməsi xüsusilə də idxal edilmiş məhsulların qiymətlərinin qismən də olsa, ucuzlaşmasına səbəb ola bilər”.