Müharibələr, təlatümlər dövründə qızıl investorlar üçün həmişə güvənli liman rolunu oynayır
"Sərmayəsi olan insanlar inflyasiyadan qorunmaq üçün qızıla yatırım etməyə üstünlük verirlər"
Qızıl ABŞ-da yüksək inflyasiyanın təzyiqi altında bahalaşıb. Londonun metallar birjasında qızılın qiyməti cari ilin martın 11-dən sonra ilk dəfə bir unsiya üçün 2 min ABŞ dollarını ötüb. Gün ərzində qızılın qiyməti bir unsiya üçün 2 003 ABŞ dollarına çatıb.
Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,56 faiz və ya 11 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 985,9 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 1,19 faiz artaraq, 1 unsiyası 26,01 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ABŞ-da illik inflyasiya 1981-ci ildən sonra maksimum həddə - 8,5 faizə çatıb.
İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, müharibələr, təlatümlər dövründə qızıl investorlar üçün həmişə güvənli liman rolunu oynayır:
"Etibarlı olaraq da kifayət qədər çox sayda sərmayəçi qızıla yatırım etməyə çalışır. Bu, əsasən, Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli olsa da, digər səbəblər də mövcuddur. Onlardan biri də dünyada inflyasiyanın güclənməsidir. Sərmayəsi olan insanlar inflyasiyadan qorunmaq üçün qızıla yatırım etməyə üstünlük verirlər. Bu trend yəqin ki, bir müddət, ən azından Rusiya-Ukrayna müharibəsi bitənə qədər davam edə bilər. Unsiya üçün 2 min dollar civarında qiymətləri görə bilərik. Amma savaş sona çatsa və dünyada Mərkəzi Banklar faiz artırmağı sürətləndirsə, yenidən qızılın qiymətinin düşməsinin şahidi olacağıq. Məsələn, Amerika Mərkəzi Bankı (FED) yaxın zamanlarda rezerv faiz artımına gedəcək. Azərbaycana isə birbaşa olmasa da, dolayı yolla təbii ki, təsirləri var. Dünya bazarına paralel olaraq daxili bazarlarda da qiymətlər yüksəlir. Amma ölkəmizdə alıcılıq qabiliyyəti düşüb.
Yəni qızıl satışı həcmləri azalıb. Qiymətlər bahalaşdıqca satış səviyyəsi də enir. Ona görə də qızıl satıcıları çox da yüksək qiymət qoymaq istəmir".