Çünki fərdi cəza tədbirləri çox sərt şəkildə tətbiq edilib. Bundan sonra onun adı ilə bağlı şirkətlə müqavilə bağlamaq, fəaliyyət göstərmək çox çətin olacaq
Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərov “Lukoyl”un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsindən gedib. Bununla bağlı şirkət bəyanat yayıb.
"Lukoyl" Rusiyanın ən böyük özəl neft şirkətidir. Şirkətin mətbuat xidmətinin verdiyi məlumatda bildirilib ki, şirkətin həmsahibi, prezidenti və təsisçisi V.Ələkbərov tutduğu vəzifədən, həmçinin Direktorlar Şurasından istefa vermək qərarına gəlib. Ötən gün şirkətin direktorlar şurasının sədrinə müvafiq istefa barədə məktub göndərilib. "Lukoyl" şirkətinin rəsmi məlumatında qeyd edilir ki, V.Ələkbərov nəzarət paketinin sahibi deyil. O, birbaşa səhmlərin cəmi 3,12 faizinə, həmçinin səsvermə hüququ olmayan fondlar vasitəsilə 5,43 faizə sahibdir.
Qeyd edək ki, V.Ələkbərov bir müddət əvvəl Böyük Britaniyanın sanksiyalarına məruz qalıb.
ReAL Partiyasının sədr müavini, iqtisadçı Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, V.Ələkbərovun "Lukoyl"dan getməsi təbii ki, birbaşa sanksiyalarla bağlıdır: "Çünki fərdi cəza tədbirləri çox sərt şəkildə tətbiq edilib. Bundan sonra onun adı ilə bağlı şirkətlə müqavilə bağlamaq, fəaliyyət göstərmək çox çətin olacaq. Ona görə də istefa vermək məcburiyyəti yaranıb. Amma bu, o demək deyil ki, "Lukoyl"un fəaliyyətinə kənardan hansısa bir məsləhət, yaxud idarəetmə formasında təsirlər mümkünsüzdür. Amma əsas səbəb təbii ki, cəza tədbirləri ilə əlaqəlidir. Sanksiyaların gücü və təsirlərini azaltmaq üçün belə bir addımın atılması ağlabatandır".
İqtisadçı Xalid Kərimli isə əlavə edib ki, sanksiyalar təkcə şirkətin özünə yox, səhmdarına, ailə üzvlərinə də tətbiq olunur: "Hazırda Rusiyada şirkətlər cəza tədbirlərindən yayınmaq üçün bəzən təsisçiləri dəyişirlər, sanksiya tətbiq olunmayan şəxsləri ora cəlb edirlər, təşkilati formada yenilik edirlər. V.Ələkbərovun "Lukoyl" rəhbərliyindən getməsi isə öz səhhəti, şəxsi biznes qərarı, ona təzyiqlərin olması, yaxud özünün şəxsi istəyi ilə bağlı ola bilər".