Azərbaycan öz qeyri-neft ixracatının bir hissəsini Rusiyaya ixrac etməkdə davam edəcək
Bakıda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının 20-ci iclası işinə başlayıb. İclasda Azərbaycan tərəfini Baş nazirin müavini Şahin Mustafayev təmsil edir. Rusiya nümayəndə heyətinə isə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk rəhbərlik edir. Tərəflər iqtisadi əməkdaşlığın kompleks məsələsini nəzərdən keçirəcəklər.
Qeyd edək ki, aprelin 20-21-də Rusiya Energetika Nazirliyinin təşkilatçılığı ilə yanacaq-energetika məsələləri üzrə Azərbaycana üçüncü Rusiya biznes missiyası keçirilib. İlk iki missiya 2021-ci ilin iyul və noyabr aylarında baş tutub, bunun nəticəsində konkret razılaşmalar icra olunur.
İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, Rusiya və Azərbaycan arasında 2021-ci ildə ticarət dövriyyəsi təqribən 3 milyard dollara yaxın olub:
"2 milyard dollara ölkəmiz Rusiyadan mal və məhsul alıb. Təxminən 950 milyon, yəni 1 milyard dollara qədər isə Azərbaycan ora ixrac edib. Rusiya bizim qeyri-neft sektorunda, əsasən də kənd təsərrüfatı məhsulları yönündə əsas ixracat bazarlarımızdan biridir. Bu da kifayət qədər hər iki ölkənin münasibətlərinə təsir edən amillərdəndir. İndiki durumda adıçəkilən dövlətlər arasında iqtisadi əlaqələrin genişləndirilməsində müəyyən problemlər də var. Rusiyaya qarşı qoyulan sanksiyalar, bank köçürmələri ilə bağlı məsələlər də obyektiv olaraq, öz təsirini göstərir. Amma bütün bunlara baxmayaraq, müxtəlif istiqamətlər üzrə əməkdaşlıq etmək mümkündür. Azərbaycan öz qeyri-neft ixracatının bir hissəsini Rusiyaya ixrac etməkdə davam edəcək. Bunu hələ ki, əvəz edə biləcək alternativ bazarlar yoxdur. Ona görə də effektiv əməkdaşlığın davam etdirilməsi istiqamətində müəyyən addımlar atılacaq. Çox güman ki, keçirilən görüşlər də buna hesablanıb. Nəticədə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin perspektivləri böyük ehtimalla müzakirə olunacaq. Amma Rusiyaya qarşı tətbiq olunan sanksiyaların da müəyyən əngəllər, problemlər də yarada biləcəyini Azərbaycan tərəfi mütləq nəzərə almalıdır".