Türkiyə lirəsi dollar qarşısında kəskin şəkildə ucuzlaşmaqda davam edir.
"APA-Economics"in məlumatına görə, sentyabrın 21-də birjalarda Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib, 34,09 səviyyəsinə qədər yüksəlib.
Avro/Türkiyə Lirəsi məzənnəsi isə 38,18 səviyyəsini test edib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 0,2% dəyər itirib. Son bir ayda isə lirə 1% ucuzlaşıb.
Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 33,97 TL, satış üzrə 34,03 TL müəyyən edib.
İqtisadçı ekspert Xalid Kərimli "Sherg.az"a bildirib ki, əslində TL-nin ucuzlaşması Türkiyənin iqtisadi gücünün zəifləməsi mənasına gəlmir:
''Türkiyədə ixrac iqtisadiyyatıdır. Onlar bilərəkdən TL-nin zəiflədilməsi siyasətini ardıcıl həyata keçirirlər. Yəni Türkiyə ixracı artırmağa çalışır. Bunun üçün də türk lirəsinin zəiflədilməsinə gərək var. Çünki qardaş ölkə məhsullarını TL ilə istehsal edir. Qiymət və rəqabət qabiliyyətini yaratmaq üçün isə belə bir uzunmüddətli siyasətdən istifadə edirlər. Bu Türkiyə iqtisadi gücündən asılı olan bir durum deyil. Türkiyənin iqtisadi gücü ilə son illər ümumi daxil məhsulun böyüməsi təmin olunur. Lakin onların rastlaşdığı ən böyük problem inflansiya ilə əlaqədardır. İqtisadi böyümə, ixracatın genişləndirilməsi kimi nüanslarda Türkiyə uğur qazanıb. Məsələn, Türkiyənin 2022-ci ildə iqtisadi artımı 5,53 faiz olub. Yəni, statistika Azərbaycanla müqayisədə dəfələrlə yüksəkdir. Bir sözlə, iqtisadiyyatın gücü böyümə ilə xarakterizə edilir. Ona görə də Türkiyə iqdisadiyyatı zəifləmir əksinə, getdikcə güclənir. Türkiyədə Azərbaycanla nisbətdə minimum və orta əməkhaqqı çoxdur. İqtisadiyyatı daha sağlamdır. Ona görə də Azərbaycan qardaş ölkənin iqtisadi istiqamətindən örnək götürməlidir".